Bakının Yasamal rayonunda, inşaatçılar metrosuna yaxın ərazidə yerləşən “OBA” marketdən çörək alan şəxs sürpriz halla qarşılaşıb. Belə ki, adının çəkilməsini istəməyən şəxs 25.07.2023 tarixində saat 17:00 radələrində aldığı çörəyin içərisindən kağız çıxdığını bildirib. Bu barədə o, görüntüləri qeydə alaraq narazılığını ifadə edib. Həmin görüntülərdə çörəyin üzərində “Binə Çörək Zavodu” yazıldığı aydın oxunur.
Binə Çörək Zavodundan məsələyə aydınlıq gətirməyə çalışdıq. Adıçəkilən çörək zavodundan Yenicag.az-a istənilən zaman məsələyə aydınlıq gətirməyə hazır olduqları bildirildi:
“Qida Təhlükəsizliyi Agentliyindən qeydiyyatdan keçmədən heç bir təşkilat iri market şəbəkələri ilə işləyə bilməz.
Ümumiyyətlə, əgər çörəyin içindən nəsə çıxıbsa, bunu birinci növbədə bizə bildirməli və biz də məsələ ilə bağlı araşdırma etməliyik.
Birinci növbədə məhsulun çekinə baxılır və hansı marketdən nə vaxt alındığı öyrənilir, daha sonra isə o, laboratoriya yoxlamasından keçirilir.
Şikayətçinin özü istəyərsə, bizimlə birgə yaxınlaşıb laboratoriya yoxlanışını yaxından izləyə bilər. O, yoxlamalardan sonra çörəyin hansı dərəcədə bişirildiyini, dəyişdirilib-dəyişdirilmədiyini və digər məsələlərlə yaxından tanış ola bilər. Çünki elə olur ki, müştərilər çörəyi başqa bir paketə qoyub aparırlar. Ona görə də bu, qəliz məsələdir. Biz istənilən zaman bu məsələyə aydınlıq gətirməyə hazırıq”.