Axtarış...

Kimi çörəyin qiymətinə, kimi də çəkisinə “əl gəzdirir” - AÇIQLAMA

Kimi çörəyin qiymətinə, kimi də çəkisinə “əl gəzdirir” - AÇIQLAMA
Azərbaycanda çörəyin qiyməti bahalaşıb. Bir neçə gün əvvəl 50 qəpiyə satılan zavod çörəyi artıq 55 qəpiyə bazarlanıb. Qiymət artımı təkcə çörəkdə deyil, un məmulatlarında, şəkər tozunda, qənddə və digər məhsullarda da hiss olunacaq qədərdir. Əslində bu bahalaşmanın gözlənilən olduğunu desək, yanılmarıq. Proqnozlaşdırldığı kimi yanacağın və suyun qiymətinin kəskin artımı ərzaq məhsullarının qiymətini yüksəldib. Bəs, çörəyin qiymət artımına səbəb nədir və bahalaşmanı aradan qaldırmaq üçün alternativ çıxış yolları varmı?

Zaman-zamam çörəyin və digər un məmulatlarının bahalaşması ilə bağlı narahatlıqlar olduğunu deyən iqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a bildirib ki, bu sahəyə cavadeh olan şəxslər bəzən çörək istehsal edən zavodların üzərinə gedirlər və qiymətin bahalaşdırılmamasını tələb edirlər:
“Bahalaşmanı da “süni qiymət artımı” adalandırırlar. Lakin bazar iqtisadiyyatında süni qiymət artımı anlayışı yoxdur. Dövlət bahalaşamanın səbəblərini aradan qaldırmalıdır.

Səbəblər həm ölkə daxilində müxtəlif tariflərin, yəni kommunal xidmətlərin bahalaşması, həmçinin un üçün lazım olan buğdanın Rusiyadan əldə edilməsidir. Rusiya daxili istehsalını qorumaq üçün buğdaya əlavə aksiz tətbiq edir.

Təbii ki, Azərbaycana idxal olunan buğda bahalaşır. Beləliklə çörək bişirən sexləri un alarkən dəyirmanlar da qiyməti qaldırırlar. “Süni qiymət artımı” ilə “mübarizə aparanlar” çörək sexlərinin üzərinə düşürlər.

Onlar da qiyməti artırmamaq üçün çörəyin çəkisini azaldırlar. Dövlətin əlində olan fiskal siyasət, gömrük rüsumları, əlavə dəyər vergisi idxaldan azad edilsə də, ajiotaj bitmir”.

İqtisadçının qənaətincə, ölkəmizdə bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin bahalaşmasına əsas səbəblərdən biri Azərbaycanda bazar iqtisadiyyatı anlayışının oturuşmaması və məmur sahibkarlığının olmasıdır:

“Təklif etmişdim ki, ölkəmizdə təkcə buğdanın yox, unun da ixdalını ƏDV-dən azad etsinlər. Lakin Nazirlər Kabinetinin müvafiq qərarı ilə buğdanın idxalı, yerli unun istehsalı və satışı ƏDV-dən azad olunubsa da, xaricdən idxalın qarşısını kəsirlər.

Bu da monopolistlərə xidmət edən amildir və rəqabət mühiti yaranmır. Ona görə də sahibkarlara şərait yaratmaq lazımdır ki, unu digər ölkələrdən idxal etsinlər.

Dövlətin kompleks yanaşmasını tələb edən bir çox addımlar var. Bu addımları atmaq lazımdır. İqtisadi fəaliyyəti stimullaşdırmaq üçün məmur sahibkarlığı ləğv edilməli, monopoliya aradan qaldırılmalı, gömrük və vergi siyasəti eyni yerdən idarə olunmalıdır.

Çünki Dövlət Gömrük Komitəsi idxalda olan məhsullara öz bəyannamə qiymətini tətbiq edir.

Bu bəyannamə qiyməti də süni bahalaşmanı yaradır. Nəticədə ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunur”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz