Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan hökuməti bir-birini təkzib edən bəyanatlar verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin edəcək yola nəzarətin Rusiya qoşunlarına veriləcəyini bildirsə də, Xarici İşlər Nazirliyinin sözçüsü əks fikir söyləyib.
Qeyd edək ki, son dörd ildə Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin açılmamasını bu marşrutun guya Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə zidd olması ilə əsaslandırıb. Lakin oktyabrın 12-də öz arqumentlərini təkzib edən açıqlama verib.
Onun sözlərinə görə, üçtərəfli Bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarının hər hansı şəkildə məhdudlaşdırıldığını deməyə əsas vermir.
“Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə yalnız Sünikdəki yola (Zəngəzur dəhlizi - red.) nəzarət funksiyası verilə bilər”.
Paşinyan “Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda çıxışı zamanı belə deyib.
Ermənistanın Baş naziri 9 (10) noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndindən sitat gətirərək bildirib:
“Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”.
“Bu yaxınlarda müəyyən dairələrdə bu cümlə sitat gətirildi və mən soruşdum ki, bunun nə demək olduğunu kim izah edə bilər? Bunun nə demək olduğu Rusiya Federasiyası Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında izah edilir. Bu, o deməkdir ki, Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün Rusiya Federasiyasının nümayəndələrinə hansısa monitorinq funksiyası verilə bilər”, - Paşinyan qeyd edib.
Üstəlik, onun sözlərinə görə, bəyanatdakı bəndlərin heç biri Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmur. Göründüyü kimi, Paşinyanın verdiyi açıqlamalar paradoksal xarakter daşıyır.
Çünki Baş nazirin Moskva səfərindən dərhal sonra Zəngəzurdakı yola nəzarətin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyini dilə gətirməsi əvvəlcə onun Prezident Vladimir Putinlə bu məsələdə anlaşması və əvvəlki mövqeyindən imtina etməsi kimi anlaşıldı. Ancaq Paşinyan 9-cu bəndin icrasına münasibətdə Rusiya paytaxtında da birmənalı mövqe nümayiş etdirmədi.
MDB Dövlət Başçıları Şurasının oktyabrın 8-də keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri açıq-aşkar altında imzası olduğu halda 10 noyabr Bəyanatının 9-cu bəndini danmağa çalışdı.
O bildirdi ki, Ermənistanın hər hansı formada guya üçüncü dövlətlərin öz suveren ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməsi ilə razılaşdığı və ya hər hansı sənəddə bunun nəzərdə tutulduğu barədə bütün bəyanatlar sadəcə olaraq, həqiqətə uyğun deyil.
Ona görə də Paşinyanın bundan dörd gün sonra tamamilə əks fikir söyləməsi siyasi rezonansa səbəb olub. Əslində, Paşinyanın bu cür qeyri-sabit, dəyişkən mövqe tutması onun siyasi karyerasına xas davranış tərzidir. Bu baxımdan, Paşinyan əks mövqedən çıxış edərək indi də bəyanatdakı bəndlərin heç birinin Ermənistanın suveren hüquqlarına hər hansı məhdudiyyəti nəzərdə tutmadığını deyir. Əgər belədirsə, Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin açılmasına nə üçün razılıq vermədiyi sualı meydana çıxır.
Ermənistan XİN -nin sözçüsü Ani Badalyanın yerli mətbuata müsahibəsi Paşinyan hökumətinin bu məsələdə səmimi olmadığını təsdiq edir.
“Bəyanatda bu çox aydın yazılıb. Aydındır ki, Ermənistan Respublikası bunu öz yurisdiksiyası və suverenliyi çərçivəsində etməlidir. Rusiya Federasiyası FTX-nin sərhəd xidməti orqanlarına gəlincə, onların fiziki mövcudluğu üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmayıb”, - deyə Badalyan bildirib.
Göründüyü kimi, rəsmi İrəvan 10 noyabr Bəyanatının 9-cu bəndi üzrə əldə olunmuş razılaşmanı təkzib etməyə çalışır. Halbuki, həmin bənddə açıq şəkildə qeyd edilir:
“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir”.
Əgər Nikol Paşinyan Zəngəzur dəhlizinin açılması məsələsində güzəştə getsəydi, şübhəsiz ki, Ani Badalyan tamamilə başqa cür açıqlama verərdi. Deməli, Badalyan dolayısı ilə hökumət başçısının mövqeyini ifadə edib.
Xarici İşlər Nazurliyinin nümayəndəsinin açıqlaması rəsmi İrəvanın Zəngəzur dəhlizini açmaq niyyətində olmadığından xəbər verir. Ermənistan Baş nazirinin Rusiya qoşunlarının Zəngəzurda yola nəzarət etməsinin mümkünlüyü barədə bəyanatı daha çox həmin bölgədə möhkəmlənməyə çalışan və “Orta dəhliz” uğrunda mübarizə aparan Qərblə Kreml arasında manevr imkanları qazanmağa hesablanıb.(Cebheinfo)