Axtarış...

"Kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin..." - Hər yerin ÖZ QOÇUSU VAR...

Ağcabədi Pedaqoji Kollecində tələbəyə diplom bir ildir ki, verilmir.

Redaktor.az bu barədə elektron poçtuna baş verən neqativ halla bağlı şikayət məktubu daxil olduğunu xəbər verib. Həmin xəbərə görə, Xəlilova Aysu Vüqar qızı 2019-cu ildə həmin kollecin məktəbəqədər təhsil ixtisasına qəbul olub, 2023-cü ildə isə başa vurub. Lakin üstündən 1 ildən çox keçməsinə baxmayaraq, diplomunu ala bilmir.

Şikayətçinin atası Vüqar Xəlilov dəfələrlə kollecin rəhbərliyinə müraciət etsə də, diplomun aqibəti barədə məlumat yoxdur.

O bildirib ki, kollecin direktor köməkçisi Könül xanıma, dekan Aynur Babayevaya, təlim-tərbiyə rəhbəri Rövşən Bayramova müraciət edib. Ancaq onlar Vüqar Xəlilova hər dəfə “tezliklə veriləcək” deyərək onu geri qaytarıblar. Odur ki, şikayətçi qızının diplomunun verilməsi üçün mətbuatdan kömək istəməyə məcbur olub.

Məsələ ilə bağlı Redaktor.az-ın əməkdaşı Ağcabədi Pedaqoji Kollecinin məsul şəxslərindən biri Şahin Nəbili ilə bir neçə dəfə əlaqə saxlayıb və o, hər dəfə bildirib ki, diplomda kod səhvliyi olduğuna görə yeni diplomun verilməsi üçün nazirliyə müraciət olunub. Sonuncu zəngimizdə isə Şahin Nəbili bizə səs tonunu qaldıraraq, “kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin. Məsələ məni maraqlandırmır”, – deyərək telefonu söndürüb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıqda isə oradan bizi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun baş məsləhətçisi Osman Əşrəfova yönəltdilər.

İlk vaxtlarda Osman Əşrəfov problemin həlli ilə maraqlanacağını desə də, daha sonra o da məsələdən qaçıb. Bizim müraciətimizə cavab olaraq, əvvəlcə kollecdən sənədlərin gəlmədiyi üçün diplomun gecikdiyini bildirdi, daha sonra isə təzadlı olaraq, diplomda əslində mətbəə səhvlərinin olduğunu qeyd etdi. Hazırda isə o, bizim nə zənglərimizə, nə də mesajlarımıza cavab verir.

Göründüyü kimi elm və təhsil naziri Emin Əmrullayevin gənc kadrları nəinki adi vətəndaşların, hətta jurnalistlərin belə müraciətlərinə etinasız yanaşırlar.

Əvvəla axı niyə bir dövlət sənədində səhvə yol verilib? Əgər bu səhv varsa, onu aradan qaldırmaq, yeni diplom vermək niyə bu qədər uzanır? Kiçik bir məsələ bir ildir niyə həllini tapmır? Bəlkə diplomda mətbəə səhvliyi yox, başqa bir müəmma var? Osman Əşrəfovu Ağcabədi Pedaqoji Kolleci ilə nə bağlayır ki, onların səhvini ört-basdır edir, suallarımızdan yayınır?

Axı həmin kollecin məzununun hardasa işə qəbulu üçün ona diplom lazımdır. İndi Aysu Xəlilova daha nə qədər gözləməlidir ki, onun diplomu hazır olsun?(Redaktor.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz