Axtarış...

Astara Pedoqoji Kollecində “yağmalama sessiyası” - İDDİA

Astara Pedoqoji Kollecində “yağmalama sessiyası” - İDDİA

Pedaqoji kadrların hazırlanması hər zaman təhsilin ən prioritet sahəsi olaraq qalır. Çünki, millətin gələcəyi, elmi potensialı məhz müəllim əməyinin nəticəsində əldə olunur. Ulu öndər “mən dünyada müəllim adından şərəfli ad tanımıram” deyəndə məhz bunları nəzərdə tuturdu.
Gələcəyin müəllimlərini hazırlayan Astara Pedaoji Kollecində isə gələcəyimizə göz görə-görə zərbə vurulur desək yanılmarıaq. Rubrika.az saytına burada hökm sürən ab-hava haqqında elə məlumatlar daxil olub ki, oxuduqca adamın damarlarında qanı donur.
Xatırladaq ki, APK ölkəmizdə öz “ənənələri” ilə tanınan təhsil ocaqlarındandır. 2015-ci ildə Kollecin keçmiş direktoru rüşvət alarkən həbs olunmuşdu. O zaman çoxları düşünürdü ki, bu biabırçı fakt başqaları üçün-ən azından Astara Pedaqoji Kollecinin kollektivi üçün görk olacaq. Ancaq deyir sən saydığını say, gör təzə direktor nə sayır.
Mikayıl Cabbarov Təhsil naziri işləyərkən kollecə öz müşaviri Ağababa İbrahimovu direktor təyin edəndə yəqin ümid edib ki, burada vəziyyət kökündən dəyişiləcək, rüşvətə son qoyulacaq, təhsilin keyfiyyəti yüksələcək. Nə yazıq ki, kollecdə təhsilin səviyyəsi yüksəlməsə də rüşvətin məbləği ildən-ilə yüksəlib. Kollecdə bu məbləğ az qala Mərkəzi Bankın günlük valyuta məzənnələri ilə nizamlanır. Necə də olsa BAZAR iqtisadiyyatı dövründə yaşayırıq.
Rubrika.az saytına verilən məlumatlara görə, hazırda Kollecdə 800-ə yaxın tələbə təhsil alır. Qış imtahan sessiyasının başlanması ilə əlaqədar tələbələr əməlli-başlı hazırlaşıblar. Elə düşünməyin ki, binəva tələbələr gecə-gündüz kitab oxuyub qeydlər aparırlar. Əsla-belə imtahana hazırlaşmağı kollecdə kimə desəniz gülməkdən uğunub gedər. Burada imtahanı tələbələr başları ilə yox, cibləri ilə verirlər.
Ümumiyyətlə kollecdə pulsuz yalnız nəfəs almaq mümkündür. Tələbələr Rubrika.az saytına bildirirlər ki, Ağababa müəllim belə davam eləsə yaxında yəqin ki, bizlərdən hava pulu da alınacaq. Kollecdə hər işin öz qiyməti var. Dərsə gəlməməyin, həftəliyin, aylığın, imtahanların... İmtahan demişkən indi sessiyanın ən qızğın vaxtlarıdır. Aldığımız məlumata görə şıdırğı imtahan yağmalanması həyata keçirilir. Bəli-bəli məhz yağmalanması. Tələbələrdən 250-300 manatdan pul toplanılır. Ağababa müəllimin kollecdə tətbiq etdiyi yeni imtahan tarifləri məhz bu qiymətlərdən başlanır. Kimsəyə güzəşt belə olunmur.
Rubrika.az saytına verilən məlumata görə imtahanlardan keçmək üçün tələbələrdən biri hətta son ümid kimi anasının nişan üzüyünü belə satmağa məcbur qalıb. Ağababa İbrahimovun rəhbərlik etdiyi kollecdə baş verən başqa dəhşətli faktlar da bizə məlumdur-deyib çox da qanınızı qaraltmaq istəmirik.
İnanırıq ki, bir gün qızıl üzük lazımi yerlərdə dil açıb çox mətləblərdən məlumat verəcək. Hər halda Kollecin artıq belə bir təcrübəsi var!

PS. Yazı hazırlanarkən Kollecin direktoru Ağababa İbrahimovla əlaqə saxlamağa cəhd etdik. Direktorla əlaqə saxlamaq mümkün olmadı, telefonlarımıza cavab vermədi. Şöbə müdiri vəzifəsində işləyən Yusif müəllimlə telefon əlaqəsi yaratdıq, münasibət bildirməyini istədik. O, bu barədə direktora məlumat verəcəyini bildirdi. Daşdan səs çıxdı, direktordan səs çıxmadı.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz