Axtarış...

Ermənistan “rus bataqlığı”ndan çıxa bilmir - Ən azı 2050-ci ilədək...

Ermənistan “rus bataqlığı”ndan çıxa bilmir - Ən azı 2050-ci ilədək...

Ermənistanın israrla Fransanı danışıqlara dəvət etməsinin müqabilində Azərbaycanın belə bir mövqe sərgiləyəcəyi proqnozlaşdırılırdı. Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti bundan əvvəl də Fransanın prosesdə iştirakına qarşı çıxmışdı:

“Makron danışıqlardan kənarda qaldı. Azərbaycanın Türkiyə ilə bağlı mövqeyinin nəzərə alınmaması onu göstərir ki, Ermənistanın əlli dövlətlə (AB) Azərbaycana qarşı hücum diplomatiyasını təşkil etməyi planlaşdırır. Amma bu o demək deyil ki, Azərbaycan Türkiyənin dəstəyi olmadan həmin görüşə getməyə hazır deyildi və ya Azərbaycan hansı təzyiqə görə bundan imtina edib. Ermənistanın Azərbaycanı “etnik təmizləmə”də ittiham etməsindən sonra bu görüş sual altına düşmüşdü. Ən azı Ermənistan bu qondarma ittihama görə üzr istəməliydi. Bu erməni yalanının arxasında Azərbaycana qarşı beynəlxalq təzyiqə nail olmaq istəyi var. Əlbəttə, Azərbaycan bu məkrli siyasətdən xəbərdardı.

Paşinyan üçtərəfli bəyanatları yerinə yetirməkdən rəsmən imtina etdi. Bu o demək idi ki, Qranada görüşündə dəhliz müzakirə edilməyəcəkdi. Paşinyan dəfələrlə bəyan edib ki, Moskva razılaşmasında “Zəngəzur dəhlizi” adlı ifadə yoxdur. Yəni Ermənistan üzərinə götürdüyü öhdəliklərdən yayınaraq prosesi pozdu.

Fransaya gəlincə, Paris bölgədəki mövcud geosiyasi reallığa təsir imkanları axtarır. Qeyd edim ki, hazırda bölgəyə ən ciddi təsir imkanları olan tərəf Rusiyadır. Azərbaycan bunu həmişə nəzərə alıb”.

Elşən Manafov əlavə edib ki, Azərbaycan problemin həlli naminə hər hansı bir tərəflə əməkdaşlıqdan heç vaxt imtina etməyib:

“Azərbaycanın mövqeyi ondan ibarətdir ki, istənilən tərəflə, istənilən formatda danışıqlara getməyə həmişə hazırdır. Amma Qərbin uzun müddətdir sərgilədiyi ikili standartlar, xüsusən Fransa və ABŞ-ın mövqeyi Azərbaycanı bu formatda danışıqlara getmək fikrindən çəkindirə bilər. Baxmayaraq ki, Azərbaycan Avropa Birliyinin dəvəti ilə dəfələrlə Ermənistanla danışıqlarda iştirak edib.

Hesab edirəm ki, hazırkı situasiyada Azərbaycana Rusiya ilə istər ikitərəfli, istər də çoxtərəfli faydalı əməkdaşlıq lazımdır. Azərbaycan Rusiyanın bölgəyə ciddi təsir imkanlarının olduğunu bilir.

Ermənistanın Rusiya ilə münasibətlərində bir dönüş, kəskinlik, problem yaratmaq istəyi ABŞ-ın maraqları baxımından anlaşılan olsa da, İrəvanın düşə biləcəyi geosiyasi məngənə baxımdan başadüşülən deyil. Çünki Rusiyanın Ermənistana təsir imkanları təkcə hərbi kontekstdə deyil.

Ermənilərin Rusiyanın 102-ci bazasının çıxarıla biləcəyi ilə bağlı bəyanatları reallığa söykənmir. İkitərəfli razılaşmaya görə, Gümrüdəki bazanın dislokasiya müddəti 2050-ci ilə qədərdir. Ən azı bu, nəzərə alınmalıdır. İndi Ermənistanın birtərəfli şəkildə müqavilədən çıxmaq istəyi Rusiyanı qıcıqlandırır. Rusiya da haqlı olaraq müqavilənin şərtlərinin yerinə yetirilməsini Ermənistandan tələb edir. Ermənistan ən azı bunları nəzərə alınmalıdır”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz