Hesablama Palatasının daha bir dövlət qurumunda apardığı yoxlamalar nəticəsində ciddi pozuntulara yol verildiyi aşkarlanıb.
Yenicag.az xəbər verir ki, Hesablama Palatasının iki həftə öncə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ayrılmış dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının qüvvədə olan hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə apardığı auditin nəticələrinə dair hesabatı müəyyən ajiotaja səbəb olub.
Hesabata görə, aparılan audit 2020-2022-ci illər üzrə dövlət büdcəsindən Xidmətə yönəldilən 22 milyon 214,1 min manat vəsaiti əhatə edib. Yoxlamaların nəticələrinə əsasən, qeyd olunan dövrdə sözügedən Xidmətin nəzarət sahəsinə aid edilən 4331 ədəd daşınmaz tarix və mədəniyyət abidələrinin 87,9 faizinin (3809 abidə) pasportlaşması təşkil edilməyib, 94,7 faizinin (4102 abidə) mühafizə zonaları təyin olunmayıb, 86,1 faizinin (3730 abidə) balans mənsubiyyəti müəyyən edilməyib, abidələrin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə 17 halda cərimə tətbiq olunmayıb, bir sıra hallarda isə tətbiq edilmiş cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin olunmayıb.
Bundan başqa, Xidmət tərəfindən podratçılar və digər icraçılarla bağlanılmış müqavilələrin şərtlərinə tam əməl edilməyib, müqavilənin bitmə müddətinə yaranmış debitor borcun bağlanması təmin edilməyib, satınalma müqaviləsinin müddətində işlərin başa çatdırılmaması fonunda 3 halda podratçıya artıq vəsait ödənilib, işlərin başa çatdırılması müddətinin pozulmasına (gecikməyə) görə 2 halda cərimə məbləği icraçılara tətbiq edilməyib.
Auditlə əhatə olunan obyektlər üzrə layihə-smeta sənədlərinin və yerinə yetirilmiş işlərin qəbulu aktlarının tikinti norma və qaydalarına uyğunluğu təmin edilməmiş, əsaslı təmir və yenidənqurma işləri üzrə yerinə yetirilmiş işlərin dəyərinin, həmçinin binaların sökülməsi və mədəniyyət obyektlərində ilkin təmir-bərpa işləri yerinə yetirilmiş iş həcmlərinin qəbul aktlarında əhəmiyyətli dərəcədə artıq göstərildiyi müəyyən edilib.
Xidmətin fəaliyyətindəki nöqsanların bir qismi də dövlət satınalmaları ilə bağlı olub, yerinə yetirilməyən iş və xidmətlər üzrə vəsait ödənilməsi halları, həmçinin bir sıra satınalma prosedurlarının pozulması halları olub.
Aparılmış inventarizasiya nəticəsində əsas vəsaitlər üzrə çatışmazlıqların müəyyən edilməsi, yaranmış debitor borc məbləğinin uçotdan yayındırılaraq maliyyə hesabatlarında əks etdirilməməsi, yaranan öhdəliyə görə kreditor borc məbləğinin uçotda artırılması və bu kimi halların xarakterik olması, ümumilikdə Xidmət üzrə nəzarət mexanizmlərinin tətbiq edilməməsi, aktivlərin uçotunun aparılması prinsiplərinin pozulması maliyyə hesabatlarında fərqlərə və təhriflərə yol açmaqla, maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsində əsaslı risk amillərini formalaşdırıb.
Xidmətdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi və idarə olunmasının auditi üzrə aşkar edilib hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması nəzərə alınaraq auditin nəticələrinə dair müvafiq materiallar Baş Prokurorluğa göndərilib.
Hesablama Palatasının məlumatından göründüyü qədər, fəaliyyəti yoxlanılan bir sıra dövlət qurumlarında olduğu kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin işində də kifayət qədər ciddi sayılacaq pozuntular aşkara çıxarılıb. Ancaq yuxarıda qeyd olunanlar məsələnin bir tərəfidir. Başqa sözlə desək, fəaliyyətdə nöqsanlar varsa, bunun əsas səbəbi rəhbərlik tərəfindən işin düzgün qurulmaması və nəzarətin yetərli səviyyədə təşkil olunmamasıdır. Bu sayaq səhlənkarlığa və məsuliyyətsizliyə yol verən rəhbər işçinin isə cəzalandırılması adi hal olmalıdır.
Lakin fəaliyyətində çox sayda pozuntular aşkar olunan quruma yaxın aylara qədər rəhbərlik etmiş şəxsin başqa bir dövlət qurumuna təyinat alması heç də normal qarşılanacaq durum deyil. Haqqında danışılan Xidmətin sabiq rəhbəri Azad Cəfərli də nəzərdə tutulan həmin məmurların sırasındadır. Yəni Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri vəzifəsindən azad olunan Azad Cəfərli uzun müddət işsiz qalmadı. “Uğurlu” kadr bu ilin iyununda Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri postuna gətirilib. Bu təyinata hər hansı şərh vermək və Cəfərlinin yeni vəzifəsində özünü necə göstərəcəyini proqnozlaşdırmaq niyyətimiz yoxdur. Maraqlı olan onun əvvəlki vəzifəsində işlədiyi müddətdə aşkarlanan pozuntulara görə qanun qarşısında necə cavab verməsidir. Baş Prokurorluğun bununla bağlı təhqiqatı yəqin ki, vurğulanan məsələyə də aydınlıq gətirəcək.
www.yenicag.az