Qazaxıstanda blogerlərin fəaliyyəti barədə qanun qəbul edilib. Qanun “İnternet platformalarının istifadəçisi” və “təsirediçilər” anlayışlarının məzmununu açıqlayır, informasiya istehsalçısı və yayımçısının hüquq və vəzifələrini müəyyən edir. Onlayn platforma sahiblərindən vergidən yayınma halları və yalan məlumatların yayılması ilə mübarizədə dövlət qurumları ilə əməkdaşlıq tələb olunacaq. Onlayn platformaların istifadəçiləri öz səhifələrində yerləşdirilən onlayn reklamları etiketləməli, həmçinin biznes qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidirlər.
Qeyd edək ki, Azərbaycanda da blogerlik sahəsi geniş yayılıb. Təkcə məşhur şəxslər - aktyorlar, müğənnilər, modellər deyil, adi adamlar da öz bloqlarını yaradaraq bu fəaliyyətlə məşğul olurlar. Sosial şəbəkələrdə tanınan bir sıra şəxslər bu platforma vasitəsilə məhsul reklamlarından gəlir əldə edir. Bu gəlirlər isə bir sıra hallarda vergidən yayındırılır.
Bu səbəbdən də zaman-zaman sosial şəbəkələrdə reklamdan gəlir əldə edən blogerlərin vergiyə cəlb edilməsi təklif olunur. Məsələn, qardaş ölkə Türkiyədə vergidən yayınma halları ilə mübarizə aparmaq və bu kimi reklam sövdələşmələrini rahat aşkarlamaq üçün blogerlərdən “işbirliyi” həştəqindən istifadə etməsi tələb olunur.
Ekspertlər isə qeyd edib ki, Vergi Məcəlləsi və normativ hüquqi aktlarda belə halların vergiyə cəlb olunması nəzərdə tutulub. Lakin bəzən vətəndaşlar sosial şəbəkə üzərindən müəyyən qazanc yolları tapır. Bu da yoxlama-nəzarət funksiyasını yerinə yetirən orqanların nəzarətindən kənarda qala bilir.
Bu məsələnin son zamanlar daha da aktuallaşdığını xatırladan iqtisadçı, vergi məsələləri üzrə ekspert Anar Bayramov da “Sherg.az”a açıqlamasında deyib ki, zaman-zaman blogerlərin gəlirlərinin vergiyə cəlb olunması məsələsi haqlı olaraq mediada və sosial şəbəkələrdə müxtəlif ekspertlər tərəfindən müzakirə edilir: “Blogerlik fəaliyyəti ilə məşğul olan şəxslərin gündəlik həyat tərzinə, xərclərinə və yaşayış səviyyələrinə baxdıqda görünür ki, kifayət qədər yüksək gəlirləri var.
Buna rəğmən blogerlərin gəlirlərinin vergiləndirilməsi sahəsində boşluqlar var. Söhbət kifayət qədər böyük məbləğlərin vergidən yayındırılmasından gedir. Təkcə elə blogerlərin, influenserlərin əldə etdikləri gəlirlər istehsal və ya ticarət fəaliyyəti ilə məşğul olan və 5-6 işçisi olan mikrosahibkarın qazancından daha yüksəkdir. Ona görə də blogerlərin diqqətdən kənar qalmasını məqbul hesab etmirəm. Blogerlik sahəsi yeni-yeni formalaşmağa başlayanda dövlət və vergi orqanları onlara qarşı daha loyal münasibət göstərir, hətta stimullaşdırıcı mexanizmlərlə təşviq edirdi. Lakin artıq blogerlik Azərbaycanda tendensiya halını alıb və dediyim kimi, bu işlə məşğul olan şəxslərin əksəriyyəti çox yaxşı qazanır”.
Əksər blogerlərin “vergini biz yox, reklam agentlikləri ödəməlidir” kimi fikirlərini absurd hesab edən ekspert deyib ki, onlar heç də iddia etdikləri kimi cüzi pullar qazanmırlar: “Bu kimi bayağı düşüncələr onların bu sahədəki məlumatsızlığından irəli gəlir. Reklamdan gəlir edən şəxs blogerdirsə, onun qazancının vergisini niyə reklam agentliyi və ya hansısa məhsulu reklam etdirən şirkət ödəməlidir ki!? Onların blogerə ödədiyi məbləğ gəlir yox, xərc olduğu üçün ondan vergi tutulmur. Heç kim xidmət etdiyi tərəfdən həm pul alıb, həm də vergisini "sən ödə" deyə bilməz. Uzaqbaşı, xidmət göstərən n şəxs vergiləri nəzərə alaraq xidmət haqqını artıq istəyə bilər. Yəni öz fəaliyyətini rəsmiləşdirən bloger əvvəllər 10 min manat aldığı reklamdan 12 min manat istəyib, vergisin ödəyə bilər”.
Bu istiqamətdəki nəzarət tədbirlərinə gəldikdə isə ekspert deyib ki, müvafiq vergi orqanları son zamanlar bu işin üzərində ciddi çalışırlar: “Belə ki, blogerlik fəaliyyəti ilə məşğul olan sosial media istifadəçiləri vergi orqanlarına dəvət olunur və ya ünvanlarına rəsmi məktublar göndərilir. Onlara qanunvericiliyin tələbləri izah olunur, hesablanacaq vergi məbləğləri barədə məlumat verilir. Xəbərdarlıq edilməsinə rəğmən blogerlər vergi ödəməkdən yayındıqda isə müvafiq orqan əldə etdiyi məlumatlar əsasında blogerin gəlirinin vergisini kameral qaydada hesablasın və həmin şəxsin bank hesablarına sərəncam qoysun. Bank hesabı olmayan şəxslər barəsində isə digər müvafiq tədbirlər həyata keçirilir. Bir neçə məşhur blogerin gəlirindən kameral qaydada vergi hesablanıb və dövlət büdcəsinə alınması təmin edilib. Onu da deyim ki, öz məsuliyyətini dərk edən bəzi blogerlər də var ki, könüllü olaraq reklamdan əldə etdiyi gəlirləri bəyan edib vergisini ödəyir”.