Axtarış...

“Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur” - NARAZILIQ...

“Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur” - NARAZILIQ...

Bu günlərdə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin 22-27 nömrəli binalarındakı 248 mənzilin seçim prosesini başa çatdırıb. Mənzil seçimi proseduru saat 11:00-da başlayıb və ildırım sürəti ilə tamamlanıb.

MİDA mənzillərin seçim prosedurunun www.e-gov.az elektron hökumət portalındakı güzəştli mənzil sistemi vasitəsilə şəffaf, təhlükəsiz və fasiləsiz şəkildə həyata keçirildiyi bildirir. Ancaq müstəqil müşahidəçilər bu prosedurun şəffaflığına şübhə edirlər.

İqtisadçı-ekspert Rəşad Həsənov AYNA-ya deyib ki, mənzillərin satışı sürətli şəkildə keçirilib və bir çoxları xəyal qırıqlığına uğrayıb: “Əhalinin böyük əksəriyyəti MIDA-nın fəaliyyətinə ciddi şübhə edir. Şikayətlərdən belə anlaşılır ki, hətta xüsusi elektron proqram - CAPTCHA belə bir "nou-hau"nun (istehsalahat sirri – red.) qarşısını ala bilmir. Son iki satış əməliyyatı deyilənlərin sübutudur. Həssas sosial təbəqələrin məyus olması güzəştli mənzil proqramının mahiyyətinə uyğun deyil. Dövlət vəsaitlərinin bu şəkildə idarə edilməsi qanunsuzdur”.

Ekspert, problemi həll etmək üçün mənzillərin satış qaydaları və mexanizmlərinə düzəlişlər edilməsini, püşkatma metodunun tətbiqini və hətta Dövlət İmtahan Mərkəzinin yanaşmalarından istifadə olunmasını təklif edir: “Hər halda şikarını əldə edən ovçuların, dövlət subsidiyaları əsasında tikilmiş daşınmaz əmlakdan mənfəət əldə etmək üçün bu sistemə girişi əngəllənməlidir”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da bildirib ki, hazırkı şərtlər ədalətli deyil: “Güzəştli mənzillərin sahibləri sosial mənzillərdən kommersiya məqsədləri üçün istifadə edirlər. Daşınmaz əmlakın satılması üçün yerli elektron resurslarda sosial mənzil sahiblərindən, güzəştli şərtlərlə alınan mənzillərin icarəyə verilməsi ilə bağlı elanlara tez-tez rast gəlinir. Güzəştli şərtlərlə mənzil alan digər vətəndaşlar isə yüksək qiymətlərlə satışını təklif edərək qazanc əldə etməyə çalışırlar. Nəticədə hökumət layihəsi sosial mahiyyətini itirir”.

Bayramovun sözlərinə görə, mənzil problemi olmayan insanlar sosial ipoteka kreditlərindən məhdudiyyət olmadan istifadə edirlər: “Halbuki, sosial layihənin mahiyyəti ayrı-ayrı vətəndaşlara əlavə mənzillərin verilməsi olmamalıdır. Güzəştli layihə əvvəlcə evsizlərin mənzil problemini həll etmək məqsədi daşıyırdı. Onu kommersiya məqsədləri üçün istifadə etmək, sadəcə arzuolunmaz deyil, hətta qəbuledilməzdir”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz