Azərbaycanda əksər tanınmış və iri şirkətlərin adının hansısa məmur-oliqarxla, yaxud nazirlə əlaqələndirilməsinə artıq çoxdan adət etmişik. Ona da adət etmişik ki, ölkədə keçirilən tenderlərin böyük hissəsinin qalibi də məhz belə şirkətlər olur.
“Marja”nın yaydığı xəbərdə deyilir ki, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi(MİDA) dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.
Agentlikdən verilən son məlumatda bildirilir ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün investisiya qoyuluşunu reallaşdıracaqdır. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcminin 20 milyon manata yaxın təşkil edəcəyi nəzərdə tutulur.
Müsabiqənin qalibi olan investor “MİDA” MMC-nin sifarişi ilə hazırlanmış və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, tikinti işlərinin gedişi zamanı kompleksin ərazisində olan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edir.
Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada (2-si 12 mərtəbəli, 4-ü 9 mərtəbəli) yerləşən mənzillərdən 100-ü (6-sı 1 otaqlı, 36-sı 2 otaqlı, 58-i isə 3 otaqlı) Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Qalan mənzillər investor tərəfindən onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə satılacaq.
“AS Tikinti” MMC Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında 15,4 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi üçün investisiya qoyuluşunu həyata keçirəcək ikinci investordur.
Bundan öncə “Kristal Abşeron MTK” 12 ədəd çoxmənzilli yaşayış binasının tikintisi üçün keçirilən investisiya müsabiqəsinin qalibi olub.
“AS Tikinti” MMC haqqlnda apardığımız kiçik araşdırma göstərdi ki, mətbuatda “AS Group”a daxil olan bu şirkətin Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhomova aid olduğuna dair məlumatlar dərc edilib. Nazirin Londonda yaşayan oğlu “AS Group” şirkətlər qrupunu 2003-cü ildə qurub. Şirkətlər qrupu dövlət və özəl sektorda kompleks layihələr həyata keçirir. Buna infrastruktur layihələrinin həyata keçirilməsi, mülki, inzibatı və sənaye obyektlərinin tikintisi daxildir. Şirkət eyni zamanda çınqıl, qum, armokarkas, beton və beton məhsullarının, dəmir-beton məmulatlarının iri istehsalçısıdır. “AS Group”-a “AS İnşaat”, “AS Tikinti”, “AS Georgia”, “AZBesix”, “Alkoholl”, “AS AGRO KO” törəmə şirkətlər daxildir.
“AS İnşaat”a gəldikdə isə, Şahin Mövsumov adlı şəxsin rəhbərlik etdiyi şirkət Bakıda 4 böyük yaşayış kompleksi tikib. Onlar “Renessans Palace”, “Dirsi”, “Park Residence”, “Villa Siena”-dır.
Daha bir maraqlı məlumat isə A.Rəhimovun şirkətinin Kiyev şəhərinin meri, boksçu Vitali Klçikoya 5 otaqlı mənzil hədiyyə etməsilə bağlıdır. Mətbuatda dərc edilən məlumatlara görə, Bakıya son səfərində V.Kliçkoya Arif Rəhimov tərəfindən “Renessans Palace”da 5 otaqlı mənzil hədiyyə edilib. Deyilənə görə, Kiyev merindən Ukraynanın tikinti bazarına girmək üçün yardım istənilib.
Onu da qeyd edək ki, MİDA-nın investisiya müsabiqəsinin digər qalibi “Kristal Abşeron MTK”-nın deputat Ağalar Vəliyevə aid olduğu iddia edilir./azpolitika.info/