ABŞ qüvvələrinin Avropadakı komandiri Ukraynanın Rusiya təcavüzünə qarşı, ölkənin şərqində və Qara Dənizdə müdafiəsinin artırılmasına çağırıb.
General Curtis Scaparrotti bunu martın 5-də Senatın Silahlı xidmətlər komitəsində ifadə verərkən deyib.
Üç aydan çoxdur ki, Rusiya Krım yaxınlığındakı Kerç boğazında Ukraynanın üç gəmisini ələ keçirib, 24 ukraynalı dənizçini saxlayıb. Rusiya onların dəniz sərhədlərini qanunsuz keçdiyini deyir.
Həm də NATO komandirlərindən olan Scaparrotti deyib ki, Birləşmiş Ştatlar Ukraynaya Javelin tank əleyhinə raketlər satıb, amma Vaşinqton Ukrayna qüvvələrini möhkəmləndirəcək “snayper sistemləri, sursat” verə bilər.
Generalın fikrincə, Vaşinqton Qara dənizdə donanma müdafiəsini də artırmalıdır.
“Moskva Ukraynanın şərqindəki antihökumət qüvvələrini silahlandırır, onlara təlim keçir, hətta onlarla birlikdə savaşır”, – deyən Scaparrotti Moskvanı 2015-ci il Minsk razılaşmasını pozmaqda ittiham edib.