Suriyada uzun müddətdir ki, gərginlik yaşayan Rusiyanın dəstək veridiyi "Aslan Qüvvələrinin 5-ci birliyi” və Bəşər Əsədin qardaşının rəhbərlik etdiyi İranın dəstəklədiyi "4-cü təriqət” qrupları arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, olay nəticəsində hər iki tərəfdən ümumilikdə 70 nəfər həlak olub, çox sayda yaralı var.
Qarşıdurmaya səbəb isə anlaşmazlıq olub. İnsidentdən sonra "4-cü təriqət” qarşı tərəfin nəzarətində olan Rasif kəndini ələ keçirib.
Qeyd edək ki, qarşıdurmalar ötən həftədən bəri mütəmadi olaraq davam etməkdədir. Həmin zamandan etibarən tərəflər arasında atəşkəslə bağlı razılaşma əldə edilsə də, buna əməl edən yoxdur. Əksinə, insident şiddətlə davam edir.
Azad Suriya Ordusunun bölmələrindən biri olan Milli Azadlıq Cəbhəsinin Nasir ordusu rəsmisi Məhəmməd Rəşid verdiyi açıqlamada bildirib ki, Rusiya ilə İran arasında bölgədə hakimiyyət uğrunda mübarizə gedir: "Rusiya hərbi müxaliflərlə təmas xətlərində İranın dəstəklədiyi qrupların olmasını istəmir. Bu həmlələrlə Rusiya İranın orduya sahib olmaq istəyinin qarşısını almaq niyyətindədir”.
Məlumat üçün bildirək ki, iki qrupun ticarət yolları üzərində nəzarəti, xərac kəsmək və dinc sakinlərin məskunlaşması kimi məsələlərdə anlaşmazlığı var.
Rusiya ilə İran arasındakı gizli gərginliyin ən bariz nümunəsi İsrailin İrana qarşı istifadə edilməsi olduğu bildirilir. Çünki İsrail Suriyanın hava sahəsinə girişləri Rusiya ilə birgə koordinasiya edir. Rusiyanın icazəsi sayəsində İsrail son dövrlərdə Hizbullah qüvvələrini rahatlıqla və tez-tez hədəfə ala bilir. Bəşər Əsəd rejimi isə uzun müddətdir ki, Suriyada müxaliflərə qarşı əməliyyatları öz ordusu ilə deyil, İran dəstəkli xarici terror qüvvələri vasitəsilə həyata keçirir.