Axtarış...

Paşinyan istefa verdi: Bəs sonra? - TƏHLİL

Paşinyan istefa verdi: Bəs sonra? - TƏHLİL

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. O, etiraf edib ki, bu addımı parlament seçkilərini keçirmək məqsədilə atıb. Paşinyan seçkilərədək baş nazirin səlahiyyətlərini icra edəcək. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə əvvəlcədən seçkilərdə iştirak edəcəyini desə də, son anda fikrindən daşındı və "meydanı" Paşinyana verdi.
Göründüyü kimi, Paşinyanın istefası və növbədənkənar seçkilər "B" planının qabaqcadan hazırlanan ssenarisi üzrə davam edir. Bəs, bundan sonra nələr olacaq? Siyasi ekspertlərin Ermənistanla bağlı proqnozları nədən ibarətdir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AzVision.az-a bildirib ki, Paşinyanın istefası taktiki xarakter daşıyır:

“Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir. Ancaq bunun üçün Konstitusiyaya görə birincisi baş nazir istefa verməlidir, ikincisi parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir. Nikol Paşinyan 14 günlə bağlı qəti təminatı olmasaydı, istefa verməzdi. Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risk etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Çünki Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur”.

Politoloq qeyd edib ki, Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib: “Bu səbəbdən parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi. Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən “Qarabağ klanını” həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq”.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov isə AzVision.az-a deyib ki, Paşinyanın bu qərarı bir sıra siyasətçilərlə, partiya liderləri ilə razılaşdırılıb:

“Paşinyanla görüşdüyü siyasətçilər arasında razılıq bundan ibarətdir ki, onlar seçkilər keçirilənədək öz namizədlərini irəli sürməyəcəklər. Yəni Ermənistan parlamenti 14 gün ərzində yeni baş nazir seçməyəcək. Bu isə o deməkdir ki, Paşinyanın növbədənkənar parlament seçkiləri keçirib, yenidən baş nazir seçilməsinin yolu açıqdır”.

Politoloq əlavə edib ki, bu məsələdə digər məqamlar var: “Parlament seçkilərinin hansı nəticələr verəcəyi bəlli deyil. “Respublikaçılar” çoxluqdadır. Ona görə də seçkilərdə müəyyən dəyişikliklər ola bilər. Amma hazırda Paşinyanı dəstəkləyən partiyalarda seçkidə yerlərin sayını artıra bilər. Bu heç də o demək deyil ki, Paşinyanın kiçik Vətəndaş Müqaviləsi partiyası çoxluq təşkil edəcək. Ola bilsin ki, Paşinyan bunu nəzərə alaraq koalisiya yaratmaq məcburiyyətində qalsın. Ona görə də bir çox şeylər seçkinin nəticələrindən asılı olacaq”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz