Axtarış...

Kəmaləddin Heydərovun təyin etdiyi rəis Qazaxda torpaq zəbtində ittiham olunur– İcra müavini və bacısı oğlunun inanılmaz əməlləri / SƏNƏDLƏRLƏ


Qazax sakini Etibar Nuriyev 32gun.az-a bildirib ki, sənədlə ona məxsus olan örüş sahəsi qanunsuz şəkildə zəbt edilib. Onun iddiasına görə, bu qanunsuzluğun arxasında Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi Gəray Güliyev və onun atası Elxan Güliyev dayanır.

“Gəray Güliyev FHN-nin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisidir. O, Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Tovuz Ərazi İdarəsi ilə danışaraq məsələni oradan həll etdirib. Oradan əməkdaşları gətirib, kadastr çəkilişi aparıblar. Bu zaman mənə məxsus olan yerin 5 hektarını da öz ərazisinə qatıb. Deyəsən, onun pulu çoxdur – hara və necə xərcləyəcəyini bilmir. Pul verib başqasının da yerini zəbt edib. Ona bu işdə kimin yardım etdiyi, kimin göz yumduğu da bəllidir.”

Etibar Nuriyev deyir ki, həmin torpaq sahəsini uzun illər satmaq istəməyib:

“Ötən ilə qədər həmin yeri məndən istəyirdilər, yalvarırdılar. Satmadım. Övladıma da zəng edirdilər ki, torpağı verək. Mən isə deyirdim ki, özüm istifadə edəcəm. Səhətimdə müəyyən problem olduğuna görə torpağa tez-tez baş çəkə bilmirdim. Ancaq düşünürdüm ki, sənədlə mənə məxsus olan yerə heç kim müdaxilə edə bilməz. Amma bir anda həmin ərazi onların oldu.”

Etibar Nuriyev qeyd edir ki, sənədlərini təqdim etdikdə qarşı tərəf narahat olub:

“Sənədlərimi ortaya çıxardanda narahat oldular. Qazaxda bəzi bəhanələr gətirməyə çalışdılar. Tovuz Ərazi İdarəsində sənədlərimi tələb etdim ki, özümə qaytarsınlar və aidiyyəti orqanlara təqdim edim. Orada da narahatlıq hiss olundu.”

Nuriyevin sözlərinə görə, həmin örüş sahəsi ona 2007-ci ildə bələdiyyə tərəfindən verilib və bu sənəd Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib:

“Bəli, sonradan Gəray Güliyev sənədləri alıb. Hamısı saxta yollarla əldə olunub. Maraqlıdır, Qazax Rayon İcra Hakimiyyətinin də təsdiqlədiyi sənəd necə pozula bilər? Kimlərin əli varsa, ortaya çıxarsınlar. Bununla bağlı aidiyyəti yerlərə də müraciət edəcəm. Hətta mənim şahidlərim də var. Onlar həmin yerin mənə məxsus olduğunu təsdiq edə bilərlər.”

E.Nuriyev iddia edir ki, onun mülkiyyət hüququnu sübut edən bütün sənədləri mövcuddur:

“Müqavilələrim, aktlarım, qərarlarım, hər bir sənədim var. 2007-ci ildən bu yana örüş sahəsinin mənə məxsus olduğunu sübut edən sənədləri təqdim edirəm. Hətta Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən aldığım kadastr sənədini də sizə təqdim etmişəm.”

Etibar Nuriyev bildirir ki, Gəray Güliyevin arxasında dayanan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Məmməd Alıyevdir.

“Məmməd Alıyevin bacısı oğlu Kamil Eyyubov Daşsalahlı kəndində bələdiyyə sədri işləyirdi. O işlədiyi dövrdə bütün sənədləri toplayıb, möhür vurub və torpağı zəbt ediblər. Mənim isə bundan xəbərim olmayıb. Hətta həmin vaxt sənədlərimi hazırlayıb mənə verən şəxs də Məmməd Alıyev idi. O zaman icra hakimiyyətində şöbədə işləyirdi, müavin deyildi. İndi bu sənədlər necə təsdiqlənib, bələdiyyə onların xeyrinə necə qərar verib?”

Etibar Nuriyev əlavə edir ki, 2025-ci ilə qədər bütün rüsumları ödəyib:

“Sonuncu ödənişi də 2024-cü ildə Kamil Eyyubova şəxsən vermişəm. Daşsalahlı kənd bələdiyyəsində işləyirdi. Kəndin icra nümayəndəsinin yanında – çayxanada olarkən verdim. Dedi: ‘Pulu ver mənə, özüm ödəyərəm sənin yerinə...”

O bildirir ki, 2007-2018-ci illərdə həmin ərazidə mal-qara saxlayıb:

“Həmin örüş sahəsində heyvanlara baxan çoban olub. 12 il heyvan saxladığım ərazi mənim olduğu halda, niyə həmin vaxt heç kim çıxıb demədi ki, bu torpaq onlara məxsusdur? 2024-cü ildə orada dam yeri tikdirmişəm, videosu da var. Sənədlə bağlı problem yarandığı üçün davamını tikdirə bilmədim. Dam tikiləndə heç kim gəlib demədi ki, niyə tikirsən. Çünki yer mənimdi. Sonra gəlib buldozerlə damı söküblər. Həmin ərazidə indi Gəray Güliyev böyük bir ferma tikib. Mən isə öz ərazimdə dam tikə bilmirəm.”

Etibar Nuriyev əlavə edib:

“Əgər örüş sahəsində tikiliyə icazə yoxdursa, qeyri-qanunidirsə, onun da tikilisini uçursunlar. Çox güman ki, burada köhnə bələdiyyə sədri Saxıxan Nəbiyevin də əli var. Çünki sənədləri o düzəldə bilir, bu işdə çox bacarıqlıdır. Peçatı da var, bunu dəqiq bilirəm. Ancaq bütün bu proses Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Məmməd Alıyevin bacısı oğlunun vasitəsilə həyata keçirilib.”

Qeyd edək ki, 2024-cü ilin oktyabrında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Gəray Elxan oğlu Güliyev Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub. O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.(32gun.az)

*Qarşı tərəfilərin mövqeyini işıqlandırmağa hazırıq.










Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz