Özünə kosmetoloq, üstəlik də doktor deyən Elnarə adlı bir qadın var. Bakıda- metronun Nizami stansiyasının yaxınlığında yerləşən bir binada özünə otaq götürüb, kosmetoloji xidmət göstərir.
Vaxtaşırı da Tolikin "Tarixin bir günü" verilişinin qonağıdır. Bu Elnarə xanımdan kosmetoloq kimi işləmək üçün sertifikatının, icazəsinin olub-olmadığını soruşdum. Deyir, məni Tolik yaxşı tanıyır. Tolikin məsələyə nə aidiyyatı var?
Bunu başa düşmədim. Aparıcı məgər həkimlərə rəy verəndir? Elnarə xanım, siz nədən narahatsınız?
Əgər qanuni olaraq fəaliyyət göstərirsinizsə, adınız Vahid Səhiyyə İnformasiya Sistemində çıxacaq. Amma mən jurnalist olaraq sorğu ilə bunu hələ öyrənməmişəm. Niyə belə xoflanırsınız?
Deyirsiniz, 20 nəfər işçiniz var. Çox gözəl. Bu qədər insanın işlə, pulla təmin olunmasına yalnız sevinə bilərəm. Amma sizin sosial şəbəkələrdəki videoçarxlarda "Elnarə Canlı Beauty Center" adlı salonunuzda ancaq özünüz görünürsünüz.
Heç özünü təqdim etmədən whatsapp nömrəmə yazan köməkçiniz də deyəsən kadrlarda yoxdur. Siz mənə dediniz ki, lisenziyamı və diplomumu göndərə bilərəm. Mən də dedim göndərin.
Bunun əvəziində köməkçiniz səsli mesajlar göndərərək mənə az qala jurnalistikadan dərs keçərək bir az da hədələyici tonda danışıb, sonra da ofisə dəvət edir. Guya jurnalistin whatsapp üzərindən kimləsə əlaqə saxlayıb məlumat almaq hüququ yoxdur. Bu hansı qanunda yazılıb? Göstərin, oxuyub bilək.