Son zamanlar son zənglə bağlı şikayət və narazılıqlar artmaqdadır. Belə ki, son zəngin keçirilməsi üçün məktəb direktorları və ya sinif rəhbərləri şagirdlərdən nə az nə çox, 100 manat və daha çox məbləğ tələb edir. Bu da öz növbəsində şagird və valideynlərin haqlı narazılıqlarına yol açır. Misal olaraq; bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli son zəng üçün 11 - ci sinif şagirdlərinin hərəsindən 150 manat pul istəyib. Kim ki, pul verir son zəngdə iştirak edəcək, verməyənlər isə iştirak etməyəcək. Nəticə olaraq isə Y. Müseyibli vəzifəsindən azad edilib.
Bu kimi halların sayı az deyil.
Məsələ ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Milli tv-yə bildirib ki, artıq son zənglərin qarşısı alınır.
"Bilirsiniz ki, Məktəbəqədər Ümumi Təhsil Dövlət Agentliyi son zənglə bağlı bir qərar qəbul edib. Son zənglərin artıq qarşısı alınır. Görün iş hansı yerə çatdı ki, nazirlik səviyyəsində bunun qarşısı alınması üçün qərar verilir. Yəni bu həddə çatmamalı idi. Amma, çox təəssüf ki, 207 nömrəli məktəbdə baş verənlər buna misaldır. Belə hallar əvvəllər də var idi, indi daha çox qabarıq şəkil alıb. Bu üzə çıxanlardır, üzə çıxmayan nə qədər belə hallar var.
Təəssüf ki, bunlar təhsil adına təəssüf doğurur.
Mən belə baxıram direktor seçiminə geri qayıtmaq lazımdır. Baxmaq lazımdır ki, orada hansı parametrlər yoxlanılmır. Burada təkcə psixoloji amillər, test amilləri ilə yanaşı həm də müəllimin idarəçilik bacarığı, eləcə də, bu kimi məsələlərə yanaşma bacarığı və bir sıra amillər də əlavə olunmalıdır. Direktor seçimi ilə bağlı ciddilik, sərtlik özünü göstərməlidir. Düzdür Elm və Təhsil Nazirliyi tərəfindən son zəng tədbirlərinin keçirilməsi ilə bağlı əlavə vəsait ayrılmır. Amma, vəsaitin ayrılması o demək deyil ki, dəbdəbəli son zəng olmalıdır. Direktorun səsləndirdiyi kimi desək, "bu pulu ödəməyənlər son zəngə gəlməməlidir." Belə məhdudlaşdırıcı məsələlər xüsusi nəzarətə götürülməlidir və belə direktorlar, məktəb rəhbərliyi, müəllimlər ilə sərt şəkildə mübarizə aparılmalıdır. Təbii ki, söhbət nazirlik səviyyəsində olan mübarizədən gedir.
Ümumilikdə isə monitorinqlər bu istiqamətdə aparılmalıdır.
Son zənglə bağlı xüsusi yığımlar və yaxud xüsusi qadağalar. Məsələn; "sən pul ödəyə bilmirsən gəlməməlisən" - bu kimi halların qarşısı alınmalıdır. Bu, məktəbdə ayrıseçkiliyə, bərabərsizliyə, şəxsiyyətin aşağlanmasına və bu kimi neqativ amillərə yol açır. Bunlar mütləq diqqətdə saxlanılmalıdır, bu istiqamətdə monitorinqlər aparılmalıdır, nəzarət mexanizmi gücləndirilməlidir. Yoxsa əks halda təhsil adına təəssüf doğuran məlumatlar, informasiyalar get - gedə artacaq
Düzdür, burada xüsusi bir məqsəd deməzdim var, məqsəd odur ki, bir məktəb digər məktəbdən geri qalmasın, o biri dronla çəkirsə buda çəkməlidir. Yəni bu kimi təsvirkarlığın yaranması da yaxşı hal deyil. Nazirlik səviyyəsində artıq qərar verildi ki, son zəng tədbirləri hansı parametr əsaslarla keçiriləcək."
Hüquqşünas Ramil Süleymanov isə söylədiki:
"Ümumiyyətlə hər hansısa bir məktəbdən kənar tədbirlərin təşkil olunması, məktəb rəhbərliyi o cümlədən həmin sinfin sinif rəhbəri tərəfindən müdaxilə olunmadan, eyni zamanda bununla bağlı hər hansısa bir təşkilatçılıq məsələləri görmədən həyata keçirilməlidir. Çünki, birmənalı şəkildə məktəbin yeganə təyinatı təhsil və o cümlədən təhsillə əlaqəli digər işlərin həyata keçirilməsidir.
Bildirmək istəyirəm ki, sadaladığınız bu məsələlər, həm direktorların həm də sinif rəhbərlərinin vəzifə funksiyalarına aid olmadığı üçün eyni zamanda müxtəlif qanundan kənar sövdələşmələrə və yaxud qanundan kənar davranışlara, pul yığmaqlarına gətirib çıxardığı üçün həmin şəxslərin məsuliyyəti hüquq mühafizə orqanları tərəfindən araşdırılaraq müəyyən oluna bilər. Amma ümumi məsələ ondan ibarətdir ki, həmin şəxslərin əmək qanunvericiliyinin pozuntuları səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin "ç" bəndinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməklə işdən azad olunma ehtimalı mövcuddur. " - deyə o bildirdi.
Müxbir: İlkin Rafiqoğlu