Hazırda ölkəmizdə əsas müzakirə edilən və bir çox hallarda “ədalət prinsipi”nin pozulduğuna dair fikirlər səsləndirilən məsələlərdən biri də yükdaşımalarla bağlıdır. Bəllidir ki, sərnişin daşımalarında olduğu kimi, yük daşımalarında da lisenziya tələb olunur və “icazə” müəyyən müddətə verilir.
İcazənin verilməsi, ümumiyyətlə bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Daha əvvəllər bu işə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edirdi, lakin qurum ləğv edildi və AYNA fəaliyyətə başladı. AYNA müəyən edilmiş qaydalara uyğun olaraq, lisenziya verir və prosesə nəzarət edir. Hətta, icazənin alınması elektron qaydada mümkündür. Bura qədər hər şey normaldır. Normal olmayan isə lisenziyaların verilməsindəki ədalətsizlikdir.
“Van der Val Intl. Transport Bakı” şirkətinə edilən “güzəştlər” bunun real nümunəsidir. Şirkət Niderlandda ofşor şirkəti kimi qeydə alınıb, lakin Azərbaycanda fəaliyyət göstərir və rəhbəri İlqar Rzayevdir. Bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb. Halbuki, yük daşımaları sahəsində AYNA-dan tranzit icazəsinin alınmasında böyük çətinliklə üzləşən N qədər şirkət var. Açıq mənbələrdə belə şikayətlər saysız-hesabsızdır.
Sual yaranır, “Van der Val Intl. Transport Bakı” şirkətinə niyə “güzəştlər” edilir?
Bunu anlamaq üçün şirkəti rəhbəri İlqar Rzayevin kimliyinə baxmaq lazımdır. İlqar Rzayev Anar Rzayevin qardaşıdır. Anar Rzayev də AYNA-nın İdarə Heyətinin sədridir. Hər şey bu qədər sadə və bəsitdir. Digər şirkətlərə çoxsaylı qadağalar qoyan Anar Rzayev qardaşının rəhbərlik etdiyi şirkətə geniş tranzit icazəsinin verilməsini təmin edib, daha dəqiq desək, qardaşının rəhbərlik etdiyi öz şirkətinə.