Yenixeber.org: Başqa ölkələrdə vəzifədən gedən nazirlər, generallar ordu ilə əlaqəsini kəsmir, bayramlarda, təntənəli mərasimlərdə ön sırada olur, daim media ilə əlaqə saxlayır, ölkədə, regionda baş verən proseslərlə bağlı fikirlərini bölüşür. Lakin general-polikovnik Əbiyev bundan uzaqdır və bilmək olmur, ona bununla bağlı qadağa qoyulub, ya özü bunu istəmir? Amma əslində, onun münasibət bildirməsi vacib olan çox hadisələr baş verib. Elə Müdafiə Nazirliyində vaxtı ilə onun yerləşdirdiyi kadrların nəhəng korrupsiya əməlləri, onların həbsi, məhkəmədə verdiyi ifadələr keçmiş nazir kimi onu da narahat etməli idi.
Əbiyevin memuar yazıb-yazmadığı məlum deyil, yazsaydı, heç şübhəsiz bestsellərə çevrilə bilərdi.
Keçmiş nazir haqda mediada yazılanlara diqqət etdikdə onun belə “xırda-para” işlərə ayrımağa vaxtının olmadığı qənaəti yaranır. Çünki 18 il nazir olduğu dövrdə o qədər nəhəng sərvət qazanıb ki, onu idarə etmək 75 yaşlı insan üçün çətin məsələdir. Ona görə də yəqin ki, Azərbaycanda, Rusiyada, Avropada, Şərq ölkələrində Əbiyevə məxsus biznes imperiyasını onun iki oğlu və yaxın qohum-əqrəbası idarə edir.
Mətbuatın yazdığına görə, general Əbiyevin Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Əbiyevin əsas biznes imperiyası isə Rusiyadadır. Qeyd olunur ki, Moskvadakı məşhur ”Pakrovka"da ticarət obyektləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi var. İddia olunur ki, Səfər Əbiyev bahalı avtomobil həvəskarıdır, onun şəxsi qarajında olan lüks avtomobillərin ümumi dəyəri milyonlarla ölçülür.
İddialardan biri də Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim sifarişlərini həyata keçirən “Baki Əyirici Toxucu” ASC və Bakı Tikiş Evi fabrikinin vaxtilə onun nəzarətində olmasıdır.
Bundan başqa sabiq nazirin paytaxtın, eləcə də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda villasının, mənzillərinin, biznes obyektlərinin olduğu bildirilir.
Mətbuat Səfər Əbiyevin Müdafiə Nazirliyinə aid hektarlarla torpaq sahələrini ələ keçirərək mənimsədiyi haqda da yazıb.
İddia olunur ki, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsinin, keçmiş Ali Hərbi Məktəbin 10 hektarlıq parkının, Biləcəri qəsəbəsindəki bazanın 20 hektarlıq ərazisinin, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisinin, Həzi Aslanov qəsəbəsində hektarlarla sahənin, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisinin, Masazırda köhnə hərbi kolxozun ərazisinin, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazinin ayrı-ayrı şəxslərə və qurumlara satılmasına şərait yaradıb. İddialara görə, Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirib.