Axtarış...

Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/SENSASİYA


Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başladıqdan sonra Avropa İttifaqı rus vətəndaşlarına viza rejimini sərtləşdirdi. Lakin Kremlə yaxın oliqarxlar, hərbi sifarişlərlə zənginləşən şirkət rəhbərləri və xüsusi xidmət orqanlarına bağlı şəxslər “qapalı Avropa”nın qapılarını başqa yolla açmağı bacardılar – Serbiya pasportu ilə.
Musavat.com xəbər verir ki, Serbiyada jurnalist araşdırmalarına əsasən, 2022–2025-ci illər arasında ən azı 204 rusiyalıya Serbiya vətəndaşlığı verilib. Onların əksəriyyəti nə ölkədə yaşamış, nə də rəsmi prosedurları keçmiş şəxslərdir. Hökumət bu addımı “milli maraq”la əsaslandırıb.
Bu “xüsusi siyahı”da yer alanlardan biri də azərbaycanlı iş adamı Anar Əlizadədir. SOCAR-ın əvvəlki rəhbərliyinin (Rövnəq Abdullayev) yaxın tərəfdaşı kimi tanınan Əlizadə 2024-cü ilin 28 noyabrında Serbiya vətəndaşlığı alıb. Sənədi imzalayan şəxs – hazırkı baş nazir Miloş Vuçeviçdir.
Fransanın “Liberation” qəzeti Əlizadəni xaricdə azərbaycanlı müxalifətçilərin qətlində iştirakda ittiham edib. Qəzetin yazdığına görə, onun adı SOCAR-la bağlı maliyyə sxemlərində və siyasi təqiblərlə əlaqəli fəaliyyətlərdə hallanır.
Digər “xüsusi” vətəndaşlar arasında Rusiyanın FSB kəşfiyyat xidmətinin sabiq əməkdaşları, hərbi sənaye maqnatları və neonasistlərlə əlaqəli şəxslər də var. Onlardan biri – İvan Sibirev – Rusiya ordusunun işğal etdiyi Ukrayna şəhərlərində şirkəti vasitəsilə gəlir qazanıb. Dimitri Sergeyev isə FSB generalı Nikolay Patruşevin ailəsinə yaxın şəxsdir və Serbiya daxilində Rusiya müxalifətini izləməkdə ittiham olunur.
Korrupsiya araşdırmaçısı İlya Şumanov bu vətəndaşlıq paylamalarının siyasi razılaşma olduğunu deyir: “Rusiya Serbiyaya avtoritar idarəetmə alətləri ötürür. Bu, sosial media üzərində nəzarətdən tutmuş bot fermalarına qədər hər şeyi əhatə edir.”
Jurnalistlər Serbiya hökumətinə bu qərarlarla bağlı suallar göndərsələr də, rəsmi cavab ala bilməyiblər. Serbiya hökuməti, bu qərarı “Serbiyanın milli maraqlarını” təmin etmək adı altında verdiyini iddia edir. Lakin, yerli və beynəlxalq hüquq müdafiəçiləri, bu qərarın əslində siyasi və iqtisadi maraqlarla əlaqəli olduğunu vurğulayır. 

Əlizadə yalnız bir nümunədir. 2022-ci ildən bəri 200-dən çox rusiyalı, müxalifətçilərin təqibi ilə əlaqəli şəxslər və müharibədən qazanan oliqarxlar, Serbiyanın xüsusi proseduru ilə vətəndaşlıq alıblar. Hökumət bu şəxslərə viza tələblərini keçərək, onların Şengen zonasına səyahət etməsini təmin edən Serbiya pasportlarını verib.
Bu qərarların, Belqradın Moskva ilə əlaqələrini gücləndirmək məqsədi daşıdığına dair güclü ittihamlar mövcuddur. Ilja Şumanov, “Arktida” təşkilatından olan korupsiya araşdırmaçısı, Serbiya hökumətinin bu qərarları siyasətə təsir edən maliyyə dəstəyi və autoritar praktikaların təkmilləşdirilməsi üçün bir addım olaraq gördüyünü qeyd edir.
Serbiya pasportu – indi sadəcə səyahət sənədi deyil, Kremlə açılan “arxa qapı”dır.
Anar Əlizadə kimdir?
Azərbaycan ictimaiyyətinə uzun illər tanış olmayan, ancaq 2013-cü ildən sonra adı geniş şəkildə hallanmağa başlayan iş adamı Anar Əlizadə, 1978-ci ilin 21 sentyabrında Naxçıvan şəhərində anadan olub. O, 1996–2000-ci illərdə Naxçıvan Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr təhsili alıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alaraq iqtisadi idarəetmə ixtisasına yiyələnib. 

Əlizadənin biznes fəaliyyəti 1990-cı illərin sonlarında Türkiyədən Naxçıvana məhsul gətirib satmaqla başlayıb. Ailə biznesi çərçivəsində sərnişin daşımaları və avtomobil idxalı da onun fəaliyyət sahələri arasında olub. 2000-ci illərin əvvəllərində o, Bakıya köçərək ticarətdən əldə etdiyi ilkin kapitalı daşınmaz əmlak bazarına yönəldir. O dövrdə daşınmaz əmlakda baş verən qiymət artımı Əlizadəyə böyük qazanc qazandırır və bu, onun biznes karyerasında dönüş nöqtəsi olur. 
2000-ci illərin ortalarında Anar Əlizadə Birləşmiş Ərəb Əmirlikləri ilə iş əlaqələri qurur. Burada Azərbaycan investisiyalı ilk şirkətlərdən birini quraraq elektronika sahəsində fəaliyyət göstərir. Daha sonra isə “Grand MMC” adlı şirkətlə neft avadanlıqları ticarətinə və texniki xidmət sahəsinə daxil olur. Bu fəaliyyətlər onu SOCAR-ın – Azərbaycan Dövlət Neft Şirkətinin – tərəfdaşına çevirir.
Əlizadə bir müddət sonra ARDNŞ ilə birgə SOCAR Trading SA şirkətini təsis edir və bu şirkətin 25 faizinə sahib olur. Eyni zamanda, altı il ərzində həmin şirkətin baş icraçı direktoru və direktorlar şurasının sədri postunu tutur. O, 2012-ci ildə bu şirkətdəki bütün payını SOCAR-a sataraq rəsmi şəkildə ayrılır.
2007-ci ildə isə Sinqapurda təsis etdiyi Union Grand Energy adlı şirkətlər qrupunu qurur və bütün bizneslərini bu struktur altında birləşdirir. Şirkətin Azərbaycandakı nümayəndəliyi rəsmi qeydiyyata alınır.
Anar Əlizadənin adı ictimaiyyətə ilk dəfə 2013-cü ildə Global Witness təşkilatının hazırladığı “Anonim Azərbaycan” adlı hesabatla tanıdılır. Həmin hesabatda onun fəaliyyəti və dövlət resurslarına çıxışı diqqət mərkəzində olur. Maraqlısı budur ki, həmin vaxta qədər bəzi sənədlərdə onun adı “Anar Əliyev” kimi keçsə də, hesabatdan sonra “Əlizadə” soyadı ilə rəsmi və ictimai istifadəyə keçir. Bəzi hallarda isə ad “Alizadə” kimi transliterasiya olunur.
Əlizadənin bu yüksəlişindəki əsas dayaqlardan biri onun SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olmasıdır. Bu yaxınlıq, iddialara görə, SOCAR-ın daxili iqtisadi imkanlarından istifadə etməyə və strateji layihələrə daxil olmağa şərait yaradıb.
 
Musavat.com

Text-to-Speech

DİNLƏ






Şərh yaz