Azərbaycanda lombardlarda kredit faizləri olduqca yüksək olsa da, əksər vətəndaşlar məcburiyyətdən bu xidmətdən yararlanırlar. Lombard krediti sahəsində ciddi nəzarət mexanizminin yaradılacağı ilə bağlı müzakirələr açılsa da, hələ ki, buna yekun vurulmayıb. Ekspertlər hesab edirlər ki, müəyyən maraq qrupları qanunun qəbul edilməsinə imkan vermir.
Xatırladaq ki, ümumilikdə lombardların fəaliyyəti ilə bağlı 1998-ci ildə Nazirlər Kabineti tərəfindən "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları" təsdiq olunub. Bu qaydalarda lisenziyanın verilməsi, onun mahiyyəti, müddəti, surəti, qüvvədə olma qaydaları, ona nəzarət, məsuliyyət, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi şərtləri əksini tapıb.
Ancaq lombardlarda girov siyasətinin həyata keçirilməsi də tənzimlənməyən formadadır. Lombardlar təklif olunan kreditin ikiqat artıq dəyərində girov tələb edir. Lakin lombarddakı girovlar heç bir halda sığortalanmır. Bu, o deməkdir ki, istənilən vaxt girovlar mənimsənilə bilər və vətəndaş həmin girovunu geri ala bilməz. Eyni zamanda aylıq ödənişlər üzrə gecikmələr hesablandıqda hansı mexanizmlərdən istifadə olunduğu naməlumdur. Problemin hüquqi müstəvidə tənzimlənməsinə əsas verəcək qanunlar yoxdur.
Bu günlərdə gundemxeber.az saytının redaksiyasına adının ictimailəşdirilməsini istəməyən və ad-soyadı redaksiyamıza bəlli olan Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan vətəndaş müraciət edərək bildirib ki, 16 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 28 May küçəsində yerləşən "Vip Lombard"a 5000 (beş min) manatlıq dəyərində qızıl-zinət əşyası girov qoyub, 1200 (bir min iki yüz) manat nağd pul borc götürüb. Bundan sonra, mart ayının 20-də "Vip Lombard"ın xanım əməkdaşı ilə vətəndaş əlaqə saxlayaraq bildirib ki, nənəsi dünyasını dəyişdiyinə görə götürdüyü məbləğin aylıq faizini ödəmək imkanında olmayıb. Nəhayət, vətəndaş götürdüyü məbləği iki aylıq faizi ilə birlikdə Lombard-a ödənişini edib ailəsinə məxsus olan və girov qoyduğu qızıl-zinət əşyasını götürmək istəyib. Müştəri belə bir fikirini bildirsə də "lombard"dın xanım əməkdaşı onun qızıllarının artıq satıldığını deyib. Hətta lombardın xanım əməkdaşı müştəridən dünyasını dəyişən nənəsinin ölüm haqqında şəhadətnaməsini gətirməsini tələb edib. Belə bir tələbdən sonra müştəri ölüm haqqında şəhadətnaməni gətirib və lombard əməkdaşına təqdim edib. Amma buna baxmayaraq, vətəndaşın girov qoyduğu qızılların satıldığı və geri qaytarılmasının mümkünsüz olduğu deyilir.
Qeyd olunanların doğru olub-olmadığını aydınlaşdırmaq üçün redaksiyamızın əməkdaşı adıçəkilən lombardın fəaliyyət göstərdiyi Qaradağ rayonu, Lökbatan qəsəbəsinin 28 May küçəsindəki ünvanda olub. Yerində aparılan araşdırmalar nəticəsində məlum olub ki, redaksiyamıza müraciət edən vətəndaş haqlıdır. Şikayətçi vətəndaş girov qoyduğu qızılların "Vip Lombard" tərəfindən mənimsənildiyinə əmin olduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib. Hal-hazırda baş verən hadisə ilə bağlı Qaradağ RPİ-nin 10-cu Polis Bölməsində araşdırma aparılır.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.