Şərur rayonunda təcili tibbi yardım maşınları xəstələrə xidmət göstərmək yerinə, SOCAR üçün qaz boruları daşıyırlar. Hazırda çağrı xidmətində yalnız bir avtomobil işləyir ki, bu da 110 min nəfər əhalisi olan rayonun tələbatını ödəmir. Elə, buna görə də xidmətə zəng edənlər ən yaxşı halda bir neçə saat gözləməli olurlar. Bir çox hallarda isə, təcili tibbi yardım ümumiyyətlə gəlib, çıxmır. Bu haqda „
Gündəlik Naxçıvan“a yerli sakinlər məlumat veriblər. 65 kəndi olan rayon üçün əslində 10 təcili tibbi yardım avtomobili nəzərdə tutulub.
Rayon sakini Eldəniz Bağırov deyir ki, bu yaxınlarda infarkt keçirən atası üçün təcili tibbi yardım çağırıblar. Lakin, yardım bir neçə saat gecikdiyindən, onu xəstəxanaya taksi ilə aparmalı olublar:
“Zəng etdik, dedilər ki, cəmi bir maşın var, o da ucaqr kəndlərin birinə xəstə dalıyca gedib, yoldadı, birazdan gələcək. Bir saatdan çox gözlədik, gəlib çıxmadı. Məcbur olub, taksi ilə apardıq. Həkimlər atamın həyatını xilas etsələr də, dedilər ki, gecikmə səbəbindən tam sağalda bilməyəcəklər. Sonradan öyrəndik ki, rayon üçün nəzərdə tutulan 10 təcili tibbi yardım maşınının 5-i xarabdır, 3-ü də qaz çəkilişində SOCAR üçün boru daşıyır. Bu böyüklüdə dövlət şirkətinə ayıb olsun ki, insanların sağlamlığı keşiyində duran maşınlara göz dikiblər. Bunlar üçün insan həyatı heç nədir. Təki, pul yemək üçün fürsət olsun”.
Digər rayon sakini Bahadur Musayev isə deyir ki, qardaşının həyatını təcili yardımın gecikdiyini görən qonşusu xilas edib:
“Bir neçə gün əvvəl qardaşımın halı pisləşdi. Təcili yardıma zəng etdik. Dedilər ki, bir maşınımız işşləyir, o da Çalxanqala kəndinə çağırışa gedib, qayıtdıqdan sonra Püsyan kəndinə gedəcək, sizi daha sonrakı növbəyə yaza bilərik. Xəstəmiz ürəyindən narahat olduğu üçün başqa maşınla aparmağa ehtiyat edirdik. Yaxşı ki, qonşulluqda tibb bacısı var idi. İlkin yardımı etdi. Sonra onun nəzarəti ilə xəstəni xəstəxanaya götürə bildik. Deyirlər maşınımız yoxdur. Xarab olan maşınları niyə düzəltmirlər? Çünki son zamanlar hərə öz tanışını gətirib pulla harayasa qoyur. Həkim yerinə baytar təyin edirlər. Təki pul olsun”.
Şərur rayon Mərkəzi Xəstəxanasından sakinlərin iddialarına cavab vermək istəmədilər.