Axtarış...

Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-MÜƏMMALI TENDERLƏR


Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvənir?

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi daha bir tenderi yekunlaşdırıb. 08.10.2024-cü il tarixdə bu idarə ilə “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında növbəti müqavilə bağlanıb. Müqaviləyə uyğun olaraq Yaşıllaşdırma İdarəsi şəhərin yaşıllaşdırılması qarışılığında “SAFFİRA PLUS” MMC-nə 289.690 AZN ödəməli olacaq.

Diqqət etdinizsə tərəflər arasında “növbəti müqavilə bağlanıb” yazdıq. Bəli, nə karədirsə(?) Sumqayıtın yaşıllaşdırılması birmənalı olaraq ya “SAFFİRA PLUS” MMC-nə, ya da bu MMC ilə yaxın günlərdə, eyni ünvanda, eyni adamın təsisçiliyi ilə meydana çıxardılmış MMC-lərə həvalə edilir(?) Elə ötən il də-14.12.2023-cü il tarixdə Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS” MMC-ni qalib elan edib və 279.660 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sumqayıtdakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da “SAFFİRA PLUS” MMC-nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi “SAFFİRA PLUS” MMC-nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...

Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…

Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi bir gündə-14.12.2023-cü il tarixdə- “SAFFİRA PLUS” MMC ilə iki müqavilə bağlayıb. İkinci müqvilə 292.050 manat məbləğindədir. Birinci müqavilənin şərtlərinə görə podratçı təşkilat satınalan təşkilatı qızıl gül, geran, xına gülü, kanna, ivan – mariya kimi 11 adda dibçəkdə gül ilə və suvarma şlanqı, motorlu ot biçən, bel (düz) kimi təsərrüfat alətləri ilə təchiz etməli, ikincinin şərtlərinə görə isə primula, lakfiola, xalenxoy, xrizantema, alyandra, qərənfil kimi 15 adda 15-25 min ədəd arası dibçəkdə gül ilə təchiz etməlidi.

Göründüyü kimi Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi “SAFFİRA PLUS” MMC ilə bir günün içində eyni lot üzrə iki satınalma müqaviləsi bağlayıb ki, ümumi dəyəri 571 710 manat təşkil edib. Yaşıllaşdırma İdarəsi eyni lot üzrə eyni güllərin alınması üçün “SNS COMPANY” MMC ilə 289.690 manat məbləğində daha bir satınalma müqaviləsi bağlamağı planlışdırır ki, bu barədə 29.11.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Hər biri 15-25 min ədəd olmaqla eyni lotlar üzrə iki satınalma müqaviləsi də “FİRE ENGİNEERİNG” MMC ilə bağlanılıb. Bunlardan 293.230 manat məbləğində 26.07.2023-cü il, 293.702 manat məbləğində isə 05.05.2023-cü il tarixlərində bağlanılıb. Səkkiz ay ərzində bağlanılmış bu 5 satınalma müqaviləsinin ümumi dəyəri isə 1 448 332 manat təşkil edir. İndi gəlin görək bu MMC-lər nə işlə məşğuldurlar

Başlayaq “SAFFİRA PLUS” MMC-dən.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAFFİRA PLUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.01.2023-cü il tarixdə 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı SAATLI RAYONU, ƏLİSULTANLI, ƏLİSOLTANLI, ev 1, m. 23, qanuni təmsilçisi kimi isə Fətəliyeva Nurlanə Şahin qızı qeyd olunub.

Bəs Fətəliyeva Nurlanə Şahin qızı kimdi?

Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən yaşıllıqların salınması işləri üzrə mart ayında keçirilmiş dəyəri 293 min 230 manat olan tender müsabiqəsinin qalibi olmuş “4 MM AQRO” (VÖEN- 6701560141) MMC-nin də qanuni təmsilçisi. Hansı ki, araşdırdığımızda məlum oldu ki, “4 MM AQRO” MMC tender müsabiqəsinin başlamasından cəmi 7 gün əvvəl dövlət qeydiyyatına alınıb. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda bu MMC -də “SAFFİRA PLUS” MMC ilə eyni tarixdə, eyni ünvanda dövlət qeydiyyatına alınıblar.(aktualinfo.org)

***

Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsindən müəyyən suallarımıza cavab almaq istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Dövlətin pulunu xərcləyən tərəf kimi Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi İlyas Həsənov kimə, niyə və necə güvəndiyini özü bilər. Bizə isə xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.

Həm də heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...

Onu da xatırladaq ki, İlyas Həsənov uzun illər Azərbaycanda Baş nazirin birinci müavini işləmiş, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini sədri olmuş Əli Həsənovun qardaşıdı.(Yenixeber.org)


Sumqayıt Yaşıllaşdırma İdarəsinin həyəti(?)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz