Axtarış...

Bakıda şirkət rəhbərləri arasında torpaq çəkişməsi - "Hara girmişik, necə girmişik?.."


“VMS İnşaat” Mənzil-Tikinti Kooperativlərinin direktoru Vahid Əsgərxan oğlu Zərgərov “Gold Star City” MMC-dən şikayətçidir.

Vətəndaş Meydan TV-yə deyir ki, ona 2005-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamına əsasən, paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirməsi və tikinti işlərinin aparılması məqsədilə 50 sot torpaq sahəsi ayrılıb.

“Bəzi səbəblərdən həmin ərazidə tikinti apara bilmədik. 2023-cü ildə isə bizimlə qonşu olan “Gold Star City” MMC özünə ayrılmış torpaq sahəsinin hüdudlarını aşaraq “VMS-İnşaat”ın həmin 50 sot torpağını qanunsuz zəbt edib”, – Vahid Zərgərov deyir.

Şirkət rəhbəri bildirir ki, “VMS -İnşaat” məsələ ilə bağlı artıq məhkəməyə də müraciət edib:

“Hazırda məhkəmə prosesi davam etdiyi vaxtda “Gold Star City” qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsində tikinti işlərini davam etdirir”.

“Gold Star City”nin icraçı direktoru Aydın Nağıyev Meydan TV-yə deyib ki, “VMS -İnşaat”-ın torpaq iddiaları əsassızdır:

“Onlara məxsus torpaq Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 360-cı məhəllədə yerləşir. Bizimki isə 382-ci məhəllədir. Onların torpağı ilə bizimki arasında yol da var, özünüz gəlib baxa bilərsiniz. “VMS -İnşaat” torpaqla əlaqədar sərəncamı 2005-ci ildə alıb. Biz öz yerimizi 2023-cü ildə başqa bir şirkətdən almışıq. Biz onları başa sala bilmirik. Elə deyirlər ki, bizim torpağımıza girmisiniz. Hara girmişik, necə girmişik? Axı orada insanlar yaşayıb. Sakinləri köçürmüşük. Onlara aylıq kirayəhaqqı ödəyirik. Bir neçə gün öncə Vahid Zərgərovun həyat yoldaşı Nərgiz xanım gəlmişdi. Deyir ki, sizi məhkəməyə vermişik. Ancaq məhkəmədən bizə bildiriş gəlməyib. Çünki daha öncəki məhkəmə “VMS -İnşaat”ın sərəncamını torpaq sənədləşdirilmədiyi üçün ümumiyyətlə ləğv edib. Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazidə tikinti işləri aparmaq üçün başqa bir adama sərəncam və layihə verib”.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Meydan TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz