Axtarış...

Pəncəli Teymurovun ailəsinin torpağı əlindən alınır? - RİH xəbərsiz olduğunu deyir...


Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi Pəncəli Teymurovun qardaşı Famil Teymurov Astaranın Çayoba kəndindəki torpaq sahəsinin əlindən alındığını deyir.

“Qafqazinfo”ya müraciət edən F.Teymurov bildirib ki, dayısının adına rəsmiləşdirdiyi sitrus bağı bütün sənədlərinin qaydasında olmasına baxmayaraq, özünün xəbəri olmadan əlindən alınıb.

Şikayətçi bundan məhkəmədən bir aydan çox vaxt keçəndən sonra xəbər tutduğunu iddia edir: “Qardaşım şəhid olandan sonra bizə bir az maddi köməklik olunmuşdu. Anamla məsləhətləşdik ki, xərclənib getməsin, 2019-cu ildə Astaranın Çayoba kəndində 53 hektar torpaq sahəsi aldıq. Dayım Nadir Heydərovun adına rəsmiləşdirib orada sitrus bağı saldım. Torpağa Lənkərandan 30 maşın peyin daşıdım, iki dəfə şumlatdım, hasar çəkdim, darvaza qoydum, 500 ağac əkdim. Bütün bunlara 25 min manata qədər pul xərclədim. Bir də onda xəbər tutdum ki, məhkəməyə verilmişəm, torpağım əlimdən alınıb. Məhkəmədən sənəd gəldi ki, torpaq Malik Məmmədovundur, ona verməlisən...”

F.Teymurov deyir ki, M.Məmmədov daha əvvəl qonşuluqdakı torpaq səhələrinə də iddia irəli sürüb, lakin məhkəmədə uduzub: “Məlum oldu ki, bu şəxs saxta sənəd düzəldib torpağımı ələ keçirmək istəyir. Guya o 2015-ci ildə torpağı alıb, bura onun ərazisidir. Məndən qabaq bir neçə nəfərlə torpaq çəkişməsi olub, məhkəmədə həmin şəxslər qalib gəliblər. Onların torpağına iddia edən vaxt sahibləri yerində olub, imkan verməyiblər. Guya dürüstləşmə aparıblar, torpağı sürüşdürə-sürüşdürə gətirib mənim yerimə çatdırıblar. Mən dağda yaşayan adamam, hər gün gedib bağa baş çəkə bilmirəm. Bu şəxs də torpağın koordinatlarını öz adına yazdırıb. Astara Rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Bəlkə də heç ümumiyyətlə, o həmin ərazidə torpaq almayıb, bu şəxsin əli hər yerə girir.

Mənə də heç kim xəbərdarlıq etməyib, məhkəmə olandan sonra xəbər tutmuşam. Qərarı da mənə gec deyiblər, bir ay keçdiyinə görə Apellyasiya Məhkəməsinə də müraciət edə bilmirəm. Pulum da gedib, malım da, nə ayaqlarım yerə çatır, nə əlim göyə...”

Şikayətçinin sözlərinə görə, bir neçə dəfə M. Məmmədovun qəbuluna getsə də, faydası olmayıb: “Dedim, torpağın pulu cəhənnəm, heç olmasa ora çəkdiyim zəhmətin haqqını ver. Bu adamın cənub rayonlarında neçə min hektar torpağı var, heç olmasa, mənim zərərimi ödəsin. Əvvəlcə 8500 manat verəcəyini demişdi. Sonra dedi 5 min verəcək. Axırda heç onu da vermədi. Halbuki mən torpağı qanuni yolla almışam, çıxarışı, bütün sənədləri qaydasındadır”.

Sadalanan ittihamlara aydınlıq gətirmək üçün Malik Məmmədovla dəfələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab ala bilmədik.

Astara Rayon İcra Hakimiyyətində isə problemdən xəbərsiz olduqlarını dedilər: “Bizim bu barədə məlumatımız yoxdur, belə bir müraciət daxil olmayıb”.

Astara Rayon Məhkəməsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, torpağın sahibi - Heydərov Nadir Xalıq oğlunun (şikayətçinin dayısı-red) məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmaması, məhkəmə qətnaməsinin ona vaxtında verilməməsi barədə fikirləri həqiqətə uyğun deyil: “İş üzrə məhkəmə hazırlıq iclası 2023-cü il fevralın 23-nə təyin edilib. Bununla bağlı 18 yanvar 2023-cü il tarixdə Heydərov Nadir Xalıq oğluna SMS bildiriş göndərilib və bildiriş qəbul edilib.

Məhkəmə ekspertizası keçiriləcəyi barədə rəsmi qaydada poçt vasitəsilə bildiriş göndərilib və poçt xəbərnaməsinə həyat yoldaşı Z.Heydərova imza çəkməklə bildirişi təhvil alıb.

Cavabdeh qismində Nadir Heydərovun vəkili və etibarnamə üzrə nümayəndəsi Umud Cəfərovun iştirakı ilə bu il yanvarın 9-da keçirilən baxış iclasında məhkəmə qətnaməsi qəbul edilib.

Vəkil tərəfindən məhkəmə qəbzinə imza edilməklə qətnaməni təhvil alıb. Cavabdeh Nadir Heydərovun ünvanına məhkəmə qətnaməsi poçt vasitəsilə sifarişli xəbərnaməli zərflə göndərilib”.

Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci il martın 24-də Astaranın Əzərud kəndində doğulub. Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçı-diversant taborunda xidmət edib. 17 il orduda qulluq edən P. Teymurov 2016-cı ilin Aprel döyüşlərində düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib və qəhrəmancasına şəhid olub. Döyüşlərdəki misilsiz şücaətinə görə Prezidentin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz