Axtarış...

Kənd məktəbləri niyə boşalır? - HƏQİQƏTƏN DƏ...



"Region məktəblərində şagird sayının azalması hiss olunur. Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir".
Bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O qeyd edib ki, kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur:
"Lakin buna görə kəndlərdə məktəblərin bağlanması və ya onun tam orta məktəbdən ümumi təhsil məktəbinə çevrilməsi müşahidə olunmayıb. Əksinə, 9 illik təhsil müəssisəsindən 11 illik təhsil müəssisəsinə çevrilən məktəblərimiz var".

Təhsil üzrə ekspert Elçin Əfəndi Sputnik Azərbaycan-a bildirib ki, son illər şagird sayında ciddi azalma müşahidə edilir. Bu da əhalinin təbii artımının azalması ilə əlaqədardır.
E.Əfəndinin dediyinə görə, paytaxtda təhsil alan şagirdlərin sayı təxminən 500 minə yaxındır. Ölkə üzrə 1 milyon 600 min şagirdin bir milyondan çoxu regionların payına düşür:
"Bəzi ərazilərdə şagird sayının azalmasına urbanizasiya da təsir edir. Proses belə davam edərsə, bəzi bölgələrdə təhsil müəssisələri bağlana bilər. Ona görə də, sosial-iqtisadi proqramlar həyata keçirilməli, regionlarda məşğulluğun təmin olunması istiqamətində tədbirlər gücləndirilməlidir".

Şagirdlərin sayının azalmasını statistik rəqəmlər də təsdiqləyir. Ötən tədris ili üçün 152 minə yaxın şagirdin birinci sinfə gedəcəyi proqnozlaşdırılsa da, bu il onların sayı 123300 olub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub. 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Bu statistik rəqəmlər 1-ci sinfə gedən uşaqların sayında ilbəil azalma olduğunu göstərir.
Xatırladaq ki, Milli Məclisin plenar iclasında büdcə müzakirələri zamanı millət vəkili Musa Qasımlı da problemin olduğunu təsdiqləyib.Bildirib ki, kəndlərində ən müasir məktəblər tikilsə də, insanların şəhərə gəlməsi nəticəsində şagirdlərin sayı azalır, məktəblərin bağlanması təhlükəsi yarandığından yeni iş yerlərinin açılmasına ehtiyac vardır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz