Axtarış...

Hərbçilərimiz minaya düşdü - 2 nəfər şəhid oldu - Yenilənib

Hərbçilərimiz minaya düşdü - 2 nəfər şəhid oldu - Yenilənib


Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

“Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur”, - məlumatda qeyd edilib.

***

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsi və Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.

Fakta görə Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz