Xətai rayonu, Sarayeva küçəsi, ev 3, mənzil 49-da yaşayan Ələkbərov Əsgərxan Bəhrəm oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi yaşadığı ünvanda liftin işləməməsindən narazıdır. Onun məktubunu olduğu kimi dərc edirik:
"Mən, Ələkbərov Əsgərxan Bəhrəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mənim 86 yaşım var, 51 il fasiləsiz işləmişəm. Əmək veteranıyam. Dincəlib, istirahət etməli olduğum vaxtda evdən çölə çıxmaqda çətinlik çəkirəm.
Binanın problemləri çoxdur, mən ən vacibini sizlərə bildirirəm. Binadakı lift köhnədir, bu səbəbdən də 2 gündən bir qırılır. Usta gah deyir "tros", gah da deyir "motor" xarab olub.
Hər ay lift üçün 2 manat 50 qəpikdən pul yığıb veririk ki, lift xarab olmasın, amma mümkün deyil. Ay ərzində 3-4 dəfə xarab olduğuna görə əlavə pul yığılır ki, yenidən təmir olunsun.
Binada mənim kimi yaşlı insanlar çoxdur. Biz istirahət etmək, hava almaq istəyirik. Lakin məlum səbəblərə görə məhrum olmuşuq. Bizdə olan məlumata görə, lift ustası Namiq müəllimin ürəyi xəstədir, işləyə bilmir. 13 gün səhhətinə görə işdə olmayıb. Sizin sayt vasitəsilə xahiş edirəm ki, bizə sağlam usta versinlər".
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.