“BNA kimə və ya nəyə lazımdır? Bakı Nəqliyyat Agentliyi ona görə yaradıldı ki, ictimai nəqliyyatı inkişaf etdirsin, taksi fəaliyyətini təkmilləşdirsin, parkinqi idarə etsin. İctimai nəqliyyat bərbad gündədir. Hər gün daha da geri gedir. Taksidə xaos hökm sürür. Biabırçı vəziyyət yaranıb. Parklanma məsələsi lap biabırçılıqdır. BNA heç nə edə bilmədi. Kamera ilə qanunsuz protokollar yazmaqdan başqa bir iş görmədi. O zaman sual yaranır; BNA kimə və ya nəyə lazımdır?”
Millitv.az-ın xəbərinə görə, bu sözləri avtosfer.az-ın baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. “Haqq üçün deyim ki, BNA-nın hərəkətin təşkili ilə bağlı gördüyü xeyli işlər var. Bunları danmaq olmaz. Qalan 3 vacib məsələdə isə heç bir uğur qazana bilmədi. Əksinə, vəziyyət daha da pisləşdi”, – deyə Muradlı bildirib.
Onun tənqidlərinə qoşulanlar da az deyil. Jurnalist Azər Həsrət söyləyib ki, adi bir kart ödənişinə keçidə də illərlə vaxt sərf elədi. Sosial şəbəkə istifadəçisi Arif Lətifov qeyd edib ki, ümumiyyətlə şəhər mühiti əlçatmaz hala gəlib: “Neçə illərdi anonsu veriləcək tramvay xətlərinin çəkilməməsi nə kimi maneələr durur ? Və ictimai nəqliyyatın hərəkətsiz hala gəlməsinin məsuliyyəti kimlər daşıyır? Və beləcə cavabsız suallarla ömrümüzü başa vururuğ. İş görənmək istiyənlərədə imkan verilmir”.
Nüsrət Ömərov isə deyir ki. ümumiyyətlə bu sıxlığın qarşısını belə şeylər ilə alınması çətindir: “Belə qurum yaradılmasındansa bir neçə rayon və şəhərlərdə iş yerlərinin bərpasını təşkil etmək və yollara, körpülərə ayrılan milyonları bu sahəyə yatırdıb sıxlığı tez bir zamanda aradan qaldırmaq olar. Gəlib burda 300-350 azn əmək haqqı alıb 200 azn ev kirayəsi verən bir şəxsə öz şəhər və kəndində bu məbləği versən nə işi var burda?! Bu sıxlıqda və dolanışıqda üstəlik işə gecikmə, işdən çıxarılma əsəb stresini millət bir-birinin üzərinə tökməz!”