Ötən günlərdə "Sədərək" Ticarət Mərkəzinin bir qrup sahibkarı mediaya müraciət edərək marşrutların normal işləməməsindən, buna görə müştəri qıtlığı yarandığından şikayət etmişdilər.
Sahibkarların şikayətindən sonra Bakı Nəqliyyat Agentliyi (BNA) rəsmi məlumat yayaraq "Sədərək" Ticarət Mərkəzinə yetərli sayda iritutumlu marşrutların işlədiyini bildirdi və sahibkarların şikayətini təkzib etdi. Rəsmi məlumatda həmçinin marşrut sayının azalmasını təlabatın olmaması ilə izah olundu:
““Sədərək” Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir”.
Yol uzaq, nəqliyyat yox
Biz də mövcud vəziyyəti yerində görmək üçün "Sədərək" Ticarət Mərkəzinə yollandıq. Saat 08:45-də yola düşdük. Həftə sonu olduğuna görə şəhərdə yollar boş idi. “28 May” metrostansiyasının qarşısına gəldik.
Oradan ”Sədərək” Ticarət Mərkəzinə birbaşa marşrut işləmədiyi üçün 127 nömrəli avtobusla “20-ci sahə” deyilən əraziyə getdik. Orada da bir müddət gözlədikdən sonra avtobus tapa bilmədiyimiz üçün “1 manatlıq” taksiyə minərək mənzil başına-“Sədərək” Ticarət Mərkəzinə çatdıq.
Mənzil başına çatanda saat artıq 10:43-ü göstərirdi...
İlk baxışdan hər şey normal görünürdü. Adəti üzrə “Sədərək” Ticarət Mərkəzinin qarşısında çox sayda avtomobil dayanmışdı. Amma sonradan məlum oldu ki, dayanacaqda olan avtomobillərin böyük əksəriyyəti müştərilərin yox, obyekt sahiblərinindir və yaxud müştəri gözləyən taksilərdir... Ticarət mərkəzinə daxil olduq...
Fikirli və pərişan üzlər...
Müştərisiz obyektlərdə oturan sahibkarların (satıcılar-müəll.) fikirli görüntüsü əslində bütün suallara cavab verirdi. Bir qədər müşahidə apardıqdan sonra sahibkarlarla söhbətləsdik...
Jurnalist olduğumuzu bildirmədiyimiz üçün söhbətləşdiyimiz sahibkarların adını çəkmirik:
-Deyəsən, heç müştəri yoxdur...
-Uzun müddətdir ki, belədir. Bir gündə 3-4 müştəri yaxınlaşanda sevinirik.
-Əvvəllər necə idi bəs?
- Bura koronavirusdan əvvəl çox yaxşı işləyirdi, müştəri əlindən tərpənmək olmurdu. İndi özünüz də baxın, bu boyda mərkəz bomboş qalıb. Müştəriləri bir yerə yığsan, 50 nəfər etməz heç...
-Bəlkə qiymətlər baha olduğu üçün müştərilər gəlmir?
-Müştəri olmadığı üçün qiymət artımı da olmur. Mən və mənim kimi bir çox adam burda ancaq icarə pulunu çıxarmağa çalışır, qazancla bağlı düşünə bilmirik heç...
“İnternet qoyur ki, satış olsun”
Sağollaşıb bir qədər də ticarət mərkəzində müşahidələr aparırıq... Artıq saat 12:00-a yaxınlaşanda səhərkindən fərqli olaraq müştərilər nisbətən tez-tez gözə dəyir. Sanki bazara bir qədər canlanma gəlir. Başqa bir sahibkarla söhbət edirik...
-Qiymətlər niyə belə bahadır?
-Sən mallara bax, seç, qiymətini razılaşarıq.
-Deyəsən, alver yaxşı deyil.
-İnternet imkan verir ki, alver olsun. Hamı sizin kimi gəlib baxır, heç nə almadan gedir, internetdən (Onlayn satış saytları nəzərdə tutulur-müəll.) sifariş verir.
Burda fərqli dünya var...
Söhbətimizi yekunlaşdırıb Ticarət Mərkəzinin el arasında “Şirniyyat” deyilən hissəsinə üz tuturuq. Geyim yerindən fərqli olaraq “Şirniyyat”da müştərilər kifayət qədər çox idi. Satıcılar da vəziyyətdən razı görünürdü.
Müşahidələrimizdən belə aydın oldu ki, “Şirniyyat”da vəziyyət sahibkarların da, müştərilərin də ürəyincədir. Qiymətlər arasında da ciddi fərq nəzərə çarpmırdı.
Müştəri xanımla söhbətləşirik:
- Qiymətlər sizi qane edirmi?
-Mən uzun zamandır bir çox ehtiyacımı buradan alıram. Qiymətlər arasında fərq demək olar, yoxdur. Məsələn bu, (əli ilə kisəni göstərir-müəll.) elə həmişə 1 manat olub, indi də 1 manatdır.
-Biz “Sədərək”də idik, orada demək olar ki, müştəri yox idi...
-Heç mən də getmirəm ora, orada olanları daha ucuz qiymətə internetdən, instaqram səhifələrindən sifariş verirəm. Bura paltar üçün gəlmək sərfəli deyil...
Ticarət mərkəzi yavaş-yavaş boşalır
Həmsöhbətimizlə sağollaşıb bir qədər müşahidə aparırıq. Suallarımıza cavab tapandan sonra geri qayıtmağa qərar verdik. Ticarət mərkəzindən çıxıb marşrutlar hərəkət edən istiqamətinə getməyə başladıq...
Dayanacaqlar obyektlərdən kənarda olduğu üçün bir qədər piyada yol qət etməyə məcbur olursan. Bu, xüsusilə isti və soyuq havada insanlara ciddi çətinliklər yaradır. Müşahidələrimiz göstərdi ki, həqiqətən də “Sədərək” Ticarət Mərkəzi hazırda ciddi müştəri qıtlığı yaşayır. Bu da sahibkarların işini çətinə salıb.
Nəzərə alsaq ki, sahibkarlar aylıq kirayə pulu verir və digər zəruri xərclər var, müştəri problemi onları yavaş-yavaş ticarətdən uzaq salır. Qarşımıza çıxan qapalı mağazalar, piştaxtalar durumun necə olduğunu göstərir. Digər tərəfdən, ticarət mərkəzinin kənarda yerləşməsi və marşrut problemi insanları o ünvana üz tutmaqdan çəkindirir. //Cebhe.info//