“Vətən müharibəsinə könüllü qoşulmuşam, Füzulidən Şuşa istiqamətinə qədər döyüşmüşəm. Döyüşdə yaralandım və kəllə-beyin travması aldım. Lakin indiyə qədər əlillik dərəcəsi ala bilmirəm”.
Millitv.az xəbər verir ki, bunu “Qafqazinfo”ya Cəlilabad rayonundan olan 27 yaşlı Vətən müharibəsi qazisi Babək Cəfərli bildirib. Onun sözlərinə görə, ötən il dekabrın 28-də əlillik dərəcəsinin təyin olunması üçün lazımi sənədləri aidiyyəti quruma təqdim edib: “Qanunvericilikdə göstərilir ki, 15 iş günü müddətində əlilliklə bağlı müraciətə cavab verilməlidir. Buna baxmayaraq, 92 gündən sonra - aprelin 6-sı mənə “imtina” cavabı gəlib.
Mən Aprel döyüşlərində də iştirak eləmişəm. Vətən müharibəsində, oktyabrın 6-da yaralanmışam. Kəllə-beyin travması, beyin silkələnməsi və onurğamdan zədə almışam. Füzuli, Biləsuvar Rayon Mərkəzi Xəstəxanalarında, Bakı və Gəncə şəhərlərində xəstəxada müalicə almışam. Mənə qoyulan diaqnozla əlillik dərəcəsi alanlar olsa da, mən əlillik ala bilmirəm...”
Qazi bildirib ki, səhhətində problemlər olduğuna görə işləyə də bilmir: “Mənim kimi digər cəbhədə döyüşən yoldaşlarım var. İş üçün müraciət edəndə də bizə deyirlər ki, “Maştağada yatmısınız, sizə iş verə bilmərik”.
Problemlə bağlı ƏƏSMN-in Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bunları bildirdi: “Vətən müharibəsi iştirakçısı Cəfərli Babək Əzimxan oğlu bu il martın 11-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. B.Cəfərlinin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu səbəbdən əlillik təyinatından imtina edilib”.
Qeyd edək ki, Babək Cəfərli Vətən müharibəsində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.