Sumqayıtda 30 saylı bağçanın koronavirusa yoluxmuş əməkdaşları iki aydır ki, bülleten pullarını ala bilmirlər.
Millitv.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a bağçanın bir qrup işçisi məlumat verib.
Bağçanın işçiləri Mələk Hüseynova, Əfsanə Cümşüdova, Gülxanım Allahverdiyeva, Şəfiqə Abbasova, Günay Hüseynova Sputnik Azərbaycan-a ünvanladıqları şikayət məktubunda bildiriblər ki, onlar iki ay bundan öncə koronavirusa yoluxsalar da, bülleten pulları müxtəlif bəhanələr gətirilərək indiyədək ödənmir.
Şikayətçilərin sözlərinə görə, bağçada iki nəfər sentyabrda koronavirusa yoluxub. Onlar bülleten pullarının iki həftəsini alsalar da, bir həftəsi indiyədək ödənilməyib. Oktyabr ayında isə 6 bağça işçisi koronavirusa yoluxub. Üzərindən iki ay müddət keçsə də, bu günədək onlara bülleten pulları verilməyib.
Şikayətçilər bildirirlər ki, hər dəfə bülleten pullarını tələb etdikdə bağça rəhbərliyi və mühasib bütün sənədlərin hazırlanaraq aidiyyəti üzrə göndərildiyini söyləyirlər: "İndi də il tamam olmaq üzrə olsa da, deyirlər ki, büdcədə pul yoxdur. Bizə COVID-19-a görə birdəfəlik ödəniləcək məbləğ də verilməyib. İlin başa çatmasına bir gün qalıb, amma biz iki ay əvvəl almalı olduğumuz bülleten pulunu hələ də ala bilməmişik".
Sputnik Azərbaycan məsələni araşdırmaq üçün bağça rəhbərliyi ilə əlaqə saxlayıb. Bağçanın rəhbərliyindən Bəsirə Həsənova bildirib ki, bütün dövlət qurumlarında pandemiya dövründə virusa yoluxmuş işcilərin sayı çox olduğundan xəstəliklə bağlı bülletenlərin sayı da çoxdur. Bu isə bülleten pullarının köçürülməsini gecikdirir: "Biz bütün sənədləri hazırlamışıq. Bu, maliyyə ilə bağlı məsələdir".
Bağçanın Rəfiqə adlı mühasibi də məsələnin maliyyə ilə bağlı olduğunu bildirdi. Dedi ki, ilin sonu olduğundan Sumqayıt İcra Hakimiyyətinin Maliyyə İdarəsinin büdcəsində pul qalmayıb: "Büdcədə pul yoxdur. Biz bütün sənədləri hazırlayıb təqdim etmişik. Gələn ilin yanvar ayına büdcəyə pul köçdükdən sonra bülleten pulları da ödəniləcək".
Sumqayıt İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev isə məsələnin araşdırıldığını söylədi.
Məsələ ilə bağlı Sumqayıt İcra Hakimiyyətinin Mühasibatlıq şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı bildirdi ki, yaranmış problemə səbəb bu il həmin bağçada çox sayda işçinin koronavirusa yoluxmasıdır. Bülleten pulu isə maaşa bərabər olduğundan bu məbləğin ödənilməsi xeyli vəsait tələb edir. Ona görə də bu il bütün bülleten pullarını köçürmək mümkün olmayıb. Mühasibatlıqdan onu da bildirdilər ki, bu vəsaitin gələn ilin ilk ayında işçilərə ödənilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyindən isə hələ ki, bağçaların maliyyə təminatının icra hakimiyyətləri tərəfindən aparıldığını, təhvil-təslim işlərinin davam etdiyini bildirdilər.
Qeyd edək ki, dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Əlavə edək ki, 2011-ci ildə Prezidentin Sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyinin balansından çıxarılaraq icra hakimiyyətlərinin tabeliyinə verilmişdi.