İctimai fəal Tural Bayraməliyev Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı 450 min manatlıq dələduzluq faktı ilə bağlı həbs olunub. Nəticədə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Tural Bayraməliyevlə bağlı əvvəldən Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb, axtarışa verilib və 2016-cı ildə Türkiyədə həbs olunaraq Azərbaycana gətirilib. Artıq bir neçə ildir ki, Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızı Şadiyə Salehli ilə keçmiş deputat Hüseyn Abdullayevin dayısı oğlu olan bəstəkar Tural Bayraməliyev arasında məhkəmə çəkişməsi gedir.
Hazırda həbsdə olan Tural Bayraməliyev "Hürriyyət"ə müraciət edərək, haqqında qərəzli mövqe tutulduğunu və sifarişli həbs olunduğunu iddia edir: "Hüquqşünaslıq fakültəsini bitirmişəm. Keçmiş Gömrük Komitəsinin sədri Aydın Əliyevin baldızı Şadiyə Salehli ilə iş birliyim olub. Nəticədə Şadiyə Salehli mən həbs etdirməyə nail olub. 2018-ci ildə İstanbulda olarkən türk polisləri tərəfindən həbs olunmuşam. 13 ay orda həbsdə qalmışam. Orda olarkən bütün məhkəmələri keçmişəm. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm. Hazırda iş Avropa İnsan Haqları məhkəməsinin icraatındadır. Eyni zamanda, Bakı İstintaq Təcridxanasında 18 ay qeyri-qanuni olaraq istintaq aparılmışdır. Birinci instansiya məhkəmələri və ikinci instansiya məhkəmələri haqqımda qərəzli mövqe tutaraq sifarişli qərar çıxarmışlar. Keçmiş Gömrük Komitəsinin sədri Aydın Əliyevin sifarişi nəticəsində Bakı Şəhər Prokurorluğu tərəfindən haqqımda birbaşa ittiham irəli sürülmüşdür. Halbuki, o ittiham tamamilə saxtadır. Çünki Şadiyə Salehli ilə birgə biznes işi qurmuşam. 450 min manat onun adına pul köçürülüb. Mən, sadəcə Şadiyə Salehliyə zamin durmuşam. Öhdəlik daşıyan odur. Şadiyə Salehli azadlıqda ola-ola zamini qanunsuz olaraq həbs etdirib. Bizə məlumat verildi ki, qərar qüvvədə saxlanılacaq.
Bildirmək istəyirəm ki, burda hüquqlarım pozulub. Bu işdə keçmiş Gömrük Baş İdarəsinin rəisi Vüsal Novruzovun da əli var. Vüsal Novruzov ilə aramızda ədavət də olub. Mən bizneslə məşğul olanda Gömrüyə girməyimə maneçilik yaradıb. Daha sonra Vüsal Novruzov Şadiyə Salehliyə deyib ki, mənim üzümə dursun. Qarşılığında isə ona monopoliya xəttinin verilməsinə şərait yaradacağına söz verib".
Artıq üç ildir ki, həbs həyatı yaşayan Tural Bayraməliyev məhkəmənin qərəzli mövqeyi ilə üzləşdiyini deyir. Noyabrın 5-də məhbus növbəti məhkəmə prosesinin baş tutacağı gözlənilir. Özü də media nümayəndəsi olan şikayətçi mətbuatdan məsələnin işıqlandırılmadığını xahiş edir: "Artıq üç ildir ki, həbs həyatı yaşayıram. Evdə körpə uşağım var. Daima ictimai işlərlə məşğul olmuşam. Eyni zamanda, siyasi fəaliyyətim də olub. Qanunsuz olaraq 8 il azadlıqdan məhrum edilmişəm. Özüm həm də media nümayəndəsiyəm. Məhkəmənin qərəzli mövqeyi ilə üzləşmişəm. Mətbuat nümayəndəsi kimi mediadan işin işıqlandırılmağını xahiş edirəm. Həqiqəti cəmiyyətə çatıdırsınlar. İctimai rəyə söykənmək istəyirəm. Şadiyə Salehli ilə aramızda sadəcə biznes əlaqələri olub. Ortada heç bir cinayət faktı yoxdur. İbtidai istintaqda qeyd edilib ki, ortada heç bir maddi sübutlar aşkarlanmayıb. Maddi sübutlar aşkarlanmadığı təqdirdə necə olur ki, cinayət məsuliyyətinə cəlb olunuram?! Bu işin içində Aydın Əliyev də var. O istəyir ki, mən həbsxanadan çıxmayım. Hətta, mənim ailə üzvlərimi Bakı şəhər Prokurorluğuna aparıb, orada hədə-qorxu gəliblər.
Noyabrın 5-də məhkəmə baş tutacaq. Bu işə yenidən baxılmadan artıq qərarın necə olacağı bəllidir. Tam ədalətsiz mühakimə aparılır. Dediyim kimi, iş Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. Sona qədər mübarizəmi aparacam. İşin hardan qaynaqlandığı məlum məsələdir. Keçmiş baş prokuror Zakir Qaralov tərəfindən Ağır Cinayətlər Məhkəməsinə məktub daxil olmuşdu ki, bu işə mülki qaydada baxıla bilməz. Qanunla bu məhkəmə tərəfindən müəyyən olunur. Bu da işin sifarişli olmasının göstəricisidir".