Axtarış...

“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir - NARAZILIQ!

“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir - NARAZILIQ!

Bakıda çoxmərtəbəli binaların idarəçiliyi ilə bağlı narazılıqlar getdikcə artır. Belə binalarda yaşayan sakinlər müxtəlif çətinliklərlə üz-üzə qalır, sanki öz mənzillərində kirayəndə yaşayırmışlar kimi, artıq ödəmələrə məcbur edilirlər. Bu barədə məsələ dəfələrlə gündəmə gəlsə də, Mənzil Tikinti Kooperativlərinin (MTK) özbaşınalıqları bitib tükənmək bilmir.

Abşeron rayonu ərazisində yerləşən və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın balansında olan “Abşeron Gənclər Şəhərciyi”ndə dünən saatlarla elektrik enerjisinin verilişi dayandırılıb. Sakinlərin AYNA-ya dediklərinə görə, “Azərişıq” rəsmiləri bildiriblər ki, MTK-nın onlara borcu var və bu səbəbdən elektrik enerjisinin verilməsi dayandırılıb. Sakinlər isə deyirlər ki, elektrik enerjisi ödəmələri onların özləri tərəfindən abonent kodları vasitəsilə ayrıca təmin edilir. MTK-nın borcunun olmasının isə onlara aidiyyəti yoxdur.

Məsələ ilə bağlı əlaqə saxladığımız “Abşeron Gənclər Şəhərciyi”nin komendantı Elman Məmmədov təsdiq edib ki, oktyabrın 27-si axşam saatlarında 10 bloka elektrik enerjisinin verilişi dayandırılıb: “Lakin bu, uzun müddət davam etməyib. Səbəb isə qəzalı vəziyyətin olması ilə bağlıdır”.

“Sakinlər iddia edirlər ki, MTK-nın “Azərişıq”a olan borcu səbəbindən elektrik verilişi dayandırılıb. Bu, doğrudurmu?” sualımıza cavabında E.Məmmədov deyib ki, MTK-nın elektrik enerjisinə görə borcu yaranıb: “Lakin bu borcun yaranmasına səbəb sakinlərin kommunal xidmətləri vaxtı-vaxtında ödəməməsi ilə bağlıdır. Biz sakinlərdən kommunal xidmətlər, o cümlədən binanın və blokun işıqlandırılması üçün tələb olunan xidmətlərin haqqını toplaya bilmirik. Bilirsiniz ki, koronavirus pandemiyası müəyyən sosial çətinliklər yaradıb və o səbəbdən sakinlər ödənişləri gecikdirirlər. Bu səbəbdən biz də gecikmələrə yol veririk. Nəticədə müəyyən məbləğdə borclanmışıq. Amma “Azərişıq” elektrik enerjisinin verilməsində olan fasiləni bununla yox, qəza vəziyyəti ilə əlaqləndirib”.

Milli Məclisin sabiq üzvü, “Mənzil Məcəlləsi”nin İşçi Qrupunun rəhbəri olmuş iqtisadçı alim Nazim Bəydəmirli AYNA-ya açıqlamasında qeyd edib ki, Azərbaycan qanunvericiliyinə görə, MTK-ların borcları üzündən sakinlərin hüquqlarının pozulması yolverilməzdir: “Çünki sakinlərlə kommunal xidmətləri həyata keçirən qurumlar arasında ayrıca abonent müqavilələri mövcuddur. Bunlar işıq, qaz, su və digər xidmətlərə aiddir. Əgər sakinlərin heç bir borcu yoxdursa, “Azərişıq” onların elektrik enerjisini kəsə bilməz. Hər hansı MTK kommunal xidmətləri ödəmirsə, o zaman “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və ya digər qurumlar vətəndaşların mənafeyinə toxunmamalıdır. Belə bir halın baş verməsi qanunsuzdur. Çox təəssüf ki, bu kimi hallar kütləvi xarakter almaqdadır”.

Ekspertin sözlərinə görə, bu gün paytaxtda vətəndaşların hüquqlarının qorunması istiqamətində çox ciddi problemlər mövcuddur: “Xüsusən yeni tikili binalarda vəziyyət daha dramatikdir. Kommunal haqlarını olduqca baha qiymətə rəsmiləşdirirlər. Sakinlər isə baxmayaraq ki, payçılardır, onların rəyi bu məsələdə qətiyyən nəzərə alınmır. Sakinlər məqsədli şəkildə artıq vəsait ödəməyə məcbur edilirlər”.

“İllərdir müstəqil ekspertlər, iqtisadçılar təklif edirlər ki, MTK-lar ləğv edilməlidir. Vaxtilə mənim rəhbərliyim altında qəbul edilmiş “Mənzil Məcəlləsi”ndə aydın göstərilir ki, binanı inşa edən şirkətlərin sonradan MTK kimi fəaliyyət göstərməsi qadağandır. Sakinlər özləri yığıncaq keçirməli, MTK formalaşdırmalı, özlərinə rəhbər seçməlidirlər. Görünən odur ki, nə vətəndaşlar bunda maraqlıdır, nə də sakinlər”, - deyə Bəydəmirli vurğulayıb.

“Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu və qurumun baş ofisindən kimsə telefon zənglərimizə cavab vermədi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz