Toylara 50 nəfərlik məhdudiyyət var, yaxud COVİD pasportlu 150 adam limiti mövcuddur. Çimərliklərdə isə adam əlindən yer olmur, nə ara məsafəsi, nə test, nə də COVİD pasport. Heç bir şey... Yəni, dəniz kənarında hər şeyə rəğmən yoluxma riski azdır, yoxsa nə? Mövcud vəziyyətin (qərarın) tibbi izahı varmı?
“Ümumiyyətlə, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar epidemioloji vəziyyətə bağlı olaraq aparılır. Amma bir şey var ki, bütün bu icazələr verilərkən onların dəqiq formatı müəyyən edilməlidir və xüsusilə toylarla bağlı”, deyən professor Adil Qeybulla əlavə etdi ki, “toylara icazə verilərkən yaxşı olardı ki, şadlıq evlərinin həyətində olan yerlərdən istifadə olunsun, açıq havada toylar keçirilsin”.
Mövzu ilə əlaqədar Bizim.Media-ya danışan professor sözlərinin davamı olaraq qeyd etdi ki, “təəssüflər olsun ki, bu baş vermədi, amma belə təşkil etmək daha təhlükəsiz olardı.
Əlbəttə, ayrı-ayrı yerlərdə insanların COVİD-i iqnor etməsi göz önündədir. Və biz indi yeni bir dalğa, təhlükə ilə üz-üzəyik. Əgər bu “delta” ştamm, yəni, Hindistan ştammı dünyada yayılası olsa, yeni bir dalğaya rəvac versə, Azərbaycanı da yaxşı heç nə gözləmir. Bunu nəzərə almaq lazımdır. Hesab edirəm ki, təbliğat işi güclənməlidir”.