Məlum olduğu kimi 11 may 2020-ci il tarixdə Baku Medikal Plazanın Babək filialında özünü Azərbaycan cəmiyyətinə "həkim" plastik-estetik cərrah kimi tanıtmış Siruz Qoçxani tərəfindən icra edilən növbəti cərrahiyyə əməliyyatı 24 yaşlı Musazadə Turanə Tofik qızının həyatına son qoyub.
Ölkəmizdə həkim kimi işləməyə icazəsi olmayan, sertifikasiyadan keçməmiş və ən əsası Təhsil Nazirliyinin verdiyi rəsmi məlumata görə, cərrah ixtisasına yiyələnməyən Siruz Qoçxani qanunsuz fəaliyyəti müddətincə sonuncu şəxslə bərabər 3 nəfər xanım pasiyentin həyatına son qoyub.
İlk ölüm faktı "Zəfəran Hospital"da 2017-ci ildə model Leyla Orucluya münasibətdə, ikinci ölüm faktı isə 2019-cu ildə "Baku Medikal Plaza"nın Babək filialında həkim-ginekoloq Sona Gürgün Vəliyevaya münasibətdə qeydə alınıb.
Hüquq-mühafizə orqanları, eləcə də Səhiyyə Nazirliyi bu günə qədər təqsiri birmənalı şəkildə mövcud olan sözügedən şəxs barəsində qanunamüvafiq tədbirlər görməyib, onun haqqında cinayət işi hələ də başladılamyıb.
Bu cəzasızlıq vəziyyətdən yararlanan Siruz Qoçxani hazırda qanunsuz fəaliyyətini "Baku Medikal Plaza"nın Mərkəz filialında davam etdirir. İnsanların həyatını maddi maraqlar naminə risk altında qoyaraq əməliyyatlar icra edir.
Qeyd edim ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası tərəfindən şəhadətnamə almayan və dövri olaraq 5 ildə bir dəfə olmaqla sertifikasiya prosesindən keçməyən əcnəbi tibb işçilərinin tibbi fəaliyyətlə məşğul olması Əhalinin Sağlamlığının Qorunması haqqında qanunla və Əmək Məcəlləsi ilə qadağan edilir.
Samir Zeynalov, ictimai vəkil, səlahiyyətli nümayəndə //dominant.az//