Azərbaycanda növbəti büdcə müzakirələri yekunlaşmaq üzrədir. Bu il əvvəlki illərdən fərqli olaraq parlament müzakirələri başlamazdan əvvəl dövlət büdcəsinin layihəsi, büdcə paketinə daxil olan digər sənədlər Maliyyə Nazirliyinin İnternet saytına yerləşdirildi. Bir çox ekspertlər bunu müsbət qiymətləndirdilər.
Milli Məclisdə isə büdcə zərfi 3 gün komitələrdə müzakirə olundu. Artıq 3 gündür parlamentin plenar iclasında da büdcə və zərfə daxil olan digər qanun layihələri müzakirə edilir. Ölkənin tanınmış ekspertləri büdcə müzakirələrini izləyirlərmi? Müzakirələrdə onları qane edən və etməyən hansı məqamlar var?
İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, Maliyyə Nazirliyi ilk dəfədir büdcə layihəsilə bağlı xeyli təfsilatlı məlumatlar açıqlayır: “Xüsusilə də xərclərin iqtisadi təsnifatı bu günə qədər tam qapalı saxlanırdı, artıq ictimaiyyət üçün əlçatandır. Doğru addımdır. Ümid edək ki, növbəti addım investisiya xərclərinin də tam açıqlanması olacaq. Eləcə də bütün rayon və şəhərlər üzrə xərclərin finksional və iqtisadi təsnifatını da açıq məlumatlar sırasında görmək mediaya və ekspertlərə nəsib olacaq”.
Dövlət büdcəsinin Milli Məclisdəki müzakirə müddəti isə eksperti qane etmir: “İki komitə iclasındakı müzakirələri nəzərə almasaq, dövlət büdcəsi parlamentin cəmi 1 plenar iclasında müzakirə edildi. Bir gün 26 milyard manata yaxın xərclə proqnozlaşdırılan dövlət büdcəsinə həsr edildi, səhəri gün artıq Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə baxdılar. Əslində bu cür ildırımsürətli müzakirənin hər hansı effekti yoxdur. Nə proqramlar və strategiyalar üzərindən müzakirə edilir, nə bu büdcə ilə qısa və orta dövrdə hansı nəticələrin əldə olunacağı dartışılır, nə sahə qurumlarının rəhbərləri çıxıb öz büdcələrini əsaslandırmırlar”.
YAP-çı deputat Siyavuş Novruzovun büdcə müzakirələri ilə bağlı fikirlərini R.Ağayev doğru yanaşma hesab etmir. Onun fikrincə, vətəndaş cəmiyyəti artıq büdcəni rəqəmlər üzərindən (nə artdı, nə azaldı və s.) analiz etməkdən daha çox effektiv xərclənmə, müzakirə prosesinin effektivliyi, büdcə şəffaflığı kimi məqamları önə keçirməlidir. Ekspert hesab edir ki, büdcə müzakirələrində effektivliyi artırmaq üçün qanunvericilik təkmilləşməli, parlament müzakirələrilə bağlı mövcud reqlament və prosedurlar təkmilləşməlidir.
İqtisadçı-alim, ADR hərəkatının rəhbəri Qubad İbadoğlu ABŞ-da olmasına baxmayaraq, parlamentdəki büdcə müzakirələrini izləyir: “Yenə də orda həqiqəti deyən Vahid Əhmədovdur. Onun son müzakirə zamanı ”bir sıra hallarda ölkədə tenderlər düzgün keçirilmir. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Xüsusilə də dövlət büdcəsinin xərc hissəsinə nəzarət gücləndirlməlidir" və “biz 10 ildən çoxdur qanun qəbul etmişik. Təklif edirəm ki, yanvarın 1-dən gəlir deklarasiyasını tətbiq edək” fikirlərini birmənalı şəkildə bölüşürəm".
Q.İbadoğlu eyni zamanda Vahid Əhmədovun Milli Məclisdəki büdcə müzakirələri zamanı söylədiyi başqa bir fikrə də münasibət bildirib: “Vahid müəllim qeyd edir ki, son illər ölkəmizdə sənaye parkları istifadəyə verilib. Bu sənaye parklarının istifadəsinə 3,3 milyard dollar vəsait xərclənib. Bu parklarda 1,5 milyard manata yaxın məhsul istehsal edilib, 306 milyon manata yaxın məhsul isə xaricə ixrac edilib”. İqtisadçılar üçün çox maraqlı açıqlamadır. Belə ki, sənaye parklarına qoyulan 3,3 milyard dollar və ya 5,61 milyon manat sərmayənin müqabilində cəmi 180 milyon dollarlıq və ya 306 milyon manatlıq məhsul ixrac olunub ki, bu da sərmayənin 5,45 faizi deməkdir və sənaye parkları layihəsinin uğursuzluğunun göstəricidir. Bu uğursuzluğun ən azı 2 səbəbini göstərmək istərdim. Birincisi, sənaye parklarına və məhəllərinə qoyulan sərmayələr şəffaf deyil, bu layihəyə investisiyalar barədə məlumatlar başqaları kimi şişirdilib. İkincisi, orda yaradılmış əlverişli şəraitdən bəhrələnən əsasən nomenklatur və oliqarx biznes subyektləridir. Təəssüflər olsun ki, müstəqil və azad sahibkarların üzünə həmin parkların da qapıları bağlıdır".
İqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda ümumilikdə büdcəyə ictimai maraq çox aşağıdır: “Hər ilin bu vaxtlarında ölkədə növbəti ilin büdcəsinin müzakirələri aparılır. Mən bu prosesə ictimai maraq görmürəm, insanlarda, vətəndaş cəmiyyətində büdcəyə maraq çox aşağıdır. Bu gün çıxıb 10 nəfərdən Azərbaycan büdcəsinin həcmini soruşsan, onun 9-u, bəlkə də elə hamısı cavab verə bilməyəcək. Amma hamısı pensiyaların, maaşların artmasından, yaxud az olmasından danışacaq, yeri gələndə narazılığını da bildirəcək. Bu adamlar bilmirlər ki, dedikləri artımlar büdcədə planlaşdırılır və onun müzakirələrinə maraq göstərmək lazımdır”.
İqtisadçı büdcə müzakirələrinə ekspertlərin, QHT nümayəndələrinin dəvət olunmamasını mənfi nüanslardan biri sayır: “Milli Məclisdə açıqlanan məlumatlar onsuz da ictimaiyyətə açıqdır, Milli Məclisdə İnternetdə açıq olmayan, detallı məlumatlar müzakirə olunmalıdır. Yəni hökumət büdcə gəlirləri və xərcləri barədə təhlillər, əsaslandırmalar ortaya qoymalıdır. Bu gün kimi danışdırsan deyəcək ki, neft pullarından bizə heç nə çatmır. Halbuki büdcənin əhəmiyyətli hissəsi neft gəlirləri hesabına formalaşır, alınan pensiyalar, maaşlar onun hesabına verilir. Vətəndaşlar maraqlansalar, bunu öyrənər və deməzlər ki, neft gəlirlərindən bizə heç nə çatmır”.
Ekspert əlavə etdi ki, ictimai maraq və təzyiq olarsa, Milli Məclisdəki müzakirələr daha canlı keçər, büdcə ilə bağlı detallı məlumatlar açıqlanar, müzakirələrin də müddəti daha uzun olar.
“Yeni Müsavat”