İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT - “Rus NATO-su”) Parlament Assambleyasının iclası keçirilib. Tədbirdə İrəvan rəsmiləri növbəti dəfə Azərbaycana silah satan KTMT üzvləri, xüsusən də müttəfiq Rusiyadan giley edib, hətta onları şantaj ediblər.
Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan deyib ki, onun ölkəsi bu məsələni daim qaldırır. “Ancaq həll yolu hələ də yoxdur, baxmayaraq ki, baş nazir Nikol Paşinyan da bu məsələni qaldırıb. ”Rusiya Azərbaycana silah satmasaydı, bunu başqa ölkələr edəcəkdi, Ermənistan isə Rusiyadan eyni silahları güzəştli qiymətə alır" kimi açıqlamalar isə şəxsən məni qane eləmir", - deyə Simonyan Rusiyaya etiraz edib.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan isə deyib ki, KTMT-yə üzv dövlətlərin (söhbət həm də Belarusdan gedir) Azərbaycana silah satması ciddi problemdir. Onun sözlərinə görə, bu problem haqda KTMT-də danışmaq və onu həll eləmək lazımdır. “Rəsmi İrəvan buna nail olmalı, KTMT üzvlərinin Qarabağ münaqişəsi zonasında hərbi balansı pozmasına imkan verməməlidir”, - deyə Arutyunyan bildirib.
Öz növbəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu qəbildən açıqlamalara münasibət bildirərkən faktiki surətdə erməniləri pərt edib və Azərbaycana silah-sursat satışına haqq qazandırıb. “Bu məsələlər şübhəsiz, çox vacibdir və diqqətə və müzakirələrə layiqdir. Ancaq belə diskussiyalar və şərhlərin arxasında bəzən KTMT-nin əsas fəaliyyəti görünməz olur”, - deyə o qeyd edib. Yəni faktiki olaraq, İrəvan rəsmilərinin nəzərinə çatdırılıb ki, Rusiyanın Ermənistan adlı kvazi-dövlətin varlığına qarant durması bəsinizdir, qalan işlər sizlik deyil, oturun yerinizdə.
Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığında isə Moskva sözsüz ki, Bakı və İrəvan arasında balans yaratmaq istəyindən daha çox, kommersiya və siyasi məqsəd güdür. Başqa sözlə, həm həllini əngəllədiyi Qarabağ münaqişəsi hesabına pul qazanır, həm də Azərbaycanın, özəlliklə işğalçı Ermənistanın hərbi parkını Rusiya hərbi-sənaye kompleksindən asılı vəziyyətdə saxlayır. Üstəlik, Azərbaycana Qarabağ məsələsini güc yolu ilə yoluna qoymağa imkan vermir. Azərbaycan isə Rusiya və digər ölkələrdən döyüş sistemlərini vitrinə qoyub paslatmaq üçün almır...
*****
Rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauer belə hesab edir ki, Ermənistanın həşiri və iradları yersizdir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə “Moskva-Baku” körpüsü zamanı danışan analitik deyib ki, İrəvan KTMT-nin heç bir üzvündən özü üçün məqbul cavab ala bilməyəcək.
“Rusiya Azərbaycana silah satışını davam etdirəcək, o anlamla ki, Bakının təkcə ondan yox, başqa ölkələrdən silah tədarük eləmək imkanı var. Azərbaycan öz imkanı hesabına istənilən silahı, istənilən ölkədən ala bilər. Ermənistan Rusiyanın strateji müttəfiqidir? Nə olsun? Azərbaycan da Rusiyaya lazımdır. Həm Ermənistan, həm də Azərbaycan strateji cəhətcə Moskva üçün vacibdir. Rusiyada belə bir siyasət mövcuddur ki, Azərbaycanla Ermənistan SSRİ dövründəki kimi birlikdə və təbii ki, Rusiya vektorunda olmalıdır. Moskva istəmir ki, Azərbaycan və Ermənistan Gürcüstan kimi Qərbin yanına getsin”, - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan KTMT ölkələri üçün həm iqtisadi, həm də strateji planda o dərəcədə mühüm tərəfdaşdır ki, bu məsələdə Ermənistana üzüyumşaqlıq eləməyə dəymir: “Azərbaycan - bölgədə ən iri silah tədarükçüsüdür və silahı Rusiyadan, İsraildən, Pakistandan, Türkiyədən alır. Fikrimcə, Azərbaycana amerikalılar da məmnuniyyətlə silah satarlar. Hərçənd Amerikada erməni lobbisi çox güclüdür, siyasi nöqteyi-nəzərdən buna ABŞ tərəfindən heç bir etiraz olmayacaq”.
Rusiyalı hərbi ekspert silah tədarükü məsələsində liderlərin şəxsi əlaqələrinin də rolunu qeyd edib: “Moskvanın Ermənistanın indiki hakimiyyəti ilə münasibətlərində daim qəlizliklər yaranır, nədən ki, ölkənin baş naziri Nikol Paşinyan ”rəngli inqilab"ın məhsulu, potensial qərbyönlü adam sayılır. Hərgah Paşinyan əlindən gələni edir ki, bunun belə olmadığını sübut etsin. Lakin Kremlin ona qarşı ehtiyatlılığı qalır. İlham Əliyev isə Rusiyadan ötrü haradasa daha yaxındır, anlaşılandır... Gümrüdəki 102 saylı Rusiya bazasının gücləndirilməsinə gəlincə, bunun Qarabağ məsələsinə aidiyyəti yoxdur. Birmənalı şəkildə Qarabağ bu bazanın və KTMT-nin səlahiyyətinə daxil deyil. Ermənistandakı həmin baza ilk növbədə Qərbə qarşıdır".
*****
Bu arada xəbər yayılıb ki, gələn il Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi dövlət səfəri zamanı 102 saylı bazanın Gümrüdə dislokasiya müddəti daha 10 il uzadılacaq. “Yeni Müsavat” xəbər verir ki, bu haqda “Jamanak” qəzeti yazıb. Nəşrin bildirdiyinə görə, imzalanacaq ikitərəfli dövlətlərarası müqavilə bazanın hərbi gücünün artırılmasını da özündə ehtiva edəcək.
Xatırladaq ki, Gümrü hərbi bazası ilə bağlı müqavilə 1995-ci ildə 25 illiyə bağlanıb və 2010-cu ildə 2044-cü ilədək (50 illiyə) uzadılıb. İndi belə çıxır, vassallıq müqaviləsinin müddəti daha 10 il - 2054-cü ilədək uzadılacaq. Sonra da erməni rəsmiləri suverenlikdən, müstəqil xarici siyasət kursundan dəm vururlar...
“Yeni Müsavat”