Ölkəmizdə son üç ayda qızılın qiyməti 15-17 faiz bahalaşıb.
Bunu Oxu.Az-a iqtisadçı Rəşad Həsənov qızılın qiymətində gözlənilən ucuzlaşma ilə bağlı yayılan məlumatı şərh edərkən deyib.
R.Həsənovun sözlərinə görə, dünya bazarlarında qızılın qiyməti qalxır:
"Azərbaycanda qızılın qiymətinin formalaşmasına təsir göstərən iki əsas amil var. Birincisi, dünya bazarlarında qızılın maya dəyəridir. İkinci amil isə yerli istehlakın mövsümilik faktorudur.
Azərbaycanda qızıl investisiya vasitəsi kimi istehlak olunmur. Bu isə mövsümi dövrlərdə qiymətlərin dinamikasına öz təsirini göstərir. Faktiki olaraq bu gün dünya bazarlarında qızılın qiymətində ciddi artım baş verib. Təxminən son üç ayı (iyun, iyul və avqust) dəyərləndirsək görərik ki, may ilə müqayisədə hazırda qızılın qiyməti təxminən 15-17 faiz bahalaşıb. Belə ki, 1 unsiya qızıl dünya bazarlarında təxminən 1500 dollar civarında təklif olunub. May ayında isə bu göstərici 1270 dollara qədər ucuzlaşmışdı".
O qeyd edib ki, dünya bazarlarında qızılın bahalaşmasının səbəbi ABŞ və Çin arasındakı ticarət müharibəsi, eyni zamanda, dünya iqtisadiyyatının artım tempinin aşağı düşməsi istiqamətində olan proqnozlar, bir sıra dönərli valyutaların və neftin qiymətinin ucuzlaşması ilə bağlı olan amillərdir:
"Bu hallarda investorlar daha çox nisbətən etibarlı yerlərdə öz vəsaitlərini yerləşdirməyə üstünlük verirlər. Hazırda da tələb kifayət qədər artdığı üçün qızılın qiymətində artım var".
Ekspert əlavə edib ki, dünya bazarlarındakı qiymət artımları Azərbaycan bazarında da məhsulların maya dəyərinə təsir göstərir:
"Təbii ki, burada mövsüm faktorunu da nəzərə almaq lazımdır. Çünki daxili bazardakı qiymətlərdə də artımlar müşahidə edilir. Amma istehlak gücünün zəif olması müəyyən qədər bu istiqamətdə olan təzyiqlərin bir qismini neytrallaşdıra bilir. Amma proqnoz ondan ibarətdir ki, yerli faktorlar əsasında formalaşan baza qiymət artımı qeyri-mövsüm dövründə, yəni məsələn, məhərrəm ayında müəyyən qədər öz effektini itirəcək. Belə ki, istehlakın kəskin azalması fonunda daxili bazarda təklif olunan qızılın qiymətində müəyyən azalmalar baş verəcək. Amma dünya bazarlarındakı qiymət dinamikasını izləmək lazımdır. Çünki qızılın qiyməti 1500 dollar ətrafında mövcud olan psixoloji həddin üzərinə qalxarsa, növbəti dövrlərdə 1600-1700 dollara qədər bahalaşmanın olması mümkündür".
R.Həsənov deyib ki, ümumiyyətlə, təxminən Azərbaycanda qızılın qiymətinin formalaşmasında mövsümilik faktorunun təsiri bəzən 40 faiz ətrafında qiymətləndirilir:
"Bu o deməkdir ki, hər dollar qiymət artımında olan 40 sent məhz mövsümilik faktorunun təsirindən formalaşır. Bu, azala da bilər. Yəni dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artarsa, Azərbaycanda bu artım 6 faiz ətrafında ola bilər. Həmçinin qızılın qiyməti dünya bazarında 10 faiz azalarsa, bizdə təxminən qızılın qiymətində 15 faizə qədər azalma baş verə bilər”.