İyulun 10-da Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edildi.
SDU-nun rektoru professor Elxan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməsini rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirdi. Qeyd etdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə Prezidentimiz cənab İlham Əliyevə öz adımdan və kollektivimiz adından səmimi minnətdarlığımı bildirir, bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.