Devalvasiyadan sonra Azərbaycandakı bankların səhmdarları arasında ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərin bir qismi yalnız "əldəyişməsi” xarakterli olsa da, bir qismi səhmdarların bazardan getməsi ilə nəticələnib.
Maliyyə böhranından əvvəl – 2014-cü il və maliyyə böhranından sonra – 2019-cu ilin əvvəli üzrə bankların səhmdar tərkiblərini təqdim edirik.
Azərbaycanda fəaliyyət göstərən bankların arasında səs-küysüz səhm satışı ilk olaraq "VTB-Azərbaycan”ASC-də qeydə alındı. "AtaHoldinq” bu bankdakı payını sataraq həm borclarını bağladı, həm də səhmdar dividendini götürdü. Nəticədə "VTB-Azərbaycan” sırf Rusiya kapitallı banka çevrildi.
Bundan başqa, sabiq vergilər naziri Fazil Məmmədovun vəzifəsindən uzaqlaşması ilə onun himayəsində olan "AtaHoldinq” ilə bağlı planları dəyişdi. "Atabank”ın Fazil Məmmədovda qalması qərara alındı və ona görə də keçmiş nazirə məxsus "Synercy Qrup” "AtaHoldinq”in yerinə bankın əsas səmdarı oldu.
"Gilan Holdinq”in bankı kimi tanınan "AFB Bank”ın yeni səhmdarı Hikmət İsmayılovun holdinqin bütün səhmlərinə sahib çıxması isə bank sektorunda yalnız "əldəyişməsi” kimi qəbul edilir.
Dövlət bankları arasında səhmdar dəyişməsi Azər-Türk Bankda qeydə alınıb. "Turan Bank” və "Aqrar Kredit” bank olmayan kredit təşkilatı bu bankdakı 50% səhmini yeni səhmdarlara – Əmlak Məsələləri Dövlət Komitəsi, AZRE Təkrarsığorta Şirkəti, "Qala Həyat” Sığorta Şirkətinə ötürüb.
"Bank Avrasiya”nın səhmdarları arasında "Tayning Global İnk” səhmlərini "PMD Group”a verib.
"Bank of Baku”nun səhmdarları arasından isə Rafiq Əliyevin yerinə payçı kimi Hikmət İsmayılov tanınıb. Qeyd edək ki, bu şəxs həm də AFB-nin tam səhm paketinə sahibdir. Bu isə bir daha AFB-nin səhmlərinin yalnız "əldəyişməsi” olduğunu göstərir.
"Expressbank”ın yeni səhmdarlarının arasında isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti diqqəti çəkir. (azpolitika.az)