Axtarış...

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə əldə edib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırdılar.

İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Ötən ay Azərbaycanda sayca 45-ci olan Beyləqan Olimpiya İdman Kompleksi istifadəyə verildi. Bundan başqa, daha iki Olimpiya İdman Kompleksi cari ildə istifadəyə veriləcək.

Mingəçevirdəki Beynəlxalq Avarçəkmə Mərkəzi daha müasir səviyyədə yenidən qurulub. Qusarda yaradılan Şahdağ qış-yay turizm, Tufandağ dağ-xizək yay-qış istirahət kompleksləri ölkəmizdə dağ xızək idmanı və digər qış idman növlərinin, eləcə də turizmin inkişafı üçün hərtərəfli imkanlar açıb. Məhz bunun nəticəsidir ki, bu il ölkəmizin idman tarixində ilk dəfə qış idman növləri üzrə medallar qazanıldı. Tehranda qış idman növləri üzrə keçirilən Asiya çempionatında paralimpiyaçılarımız 4 medal, o cümlədən 2 qızıl, 1 gümüş və 1 bürünc qazanıblar. Qeyd edək ki, qış idman növləri üzrə milli komandamız ötən ilin yanvarında “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Dağ Xizək Federasiyasının dəstəyi ilə yaradılıb.

İndi idman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, ötən il BMX velosipedi, eləcə də cüdo üzrə dünya çempionatlarının, gimnastika üzrə mötəbər turnirlərin, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

2017-ci ildə Azərbaycanın kişi şahmatçıları üçüncü dəfə Avropa çempionu adını qazandılar. Bundan başqa, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçildi. Ötən il dekabrın 2-3-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi keçirildi. 115 ölkədən 300-ə yaxın nümayəndənin iştirak etdiyi Konqresin Bakıda keçirilməsi Azərbaycanın idmanın bu növü üzrə də əsas ölkələrdən olduğunu göstərdi.

Zəngin və güclü idman ənənələri, peşəkar təşkilatçılığı ilə dünya idman ailəsində söz və nüfuz sahibi olan Azərbaycan bu il daha bir neçə mötəbər idman yarışına ev sahibliyi edəcək. Belə ki, bu il mayın 13-14-də Bakıda Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) paracüdo üzrə Qran-Pri yarışı keçiriləcək. Qran-Pridə 40-dək ölkədən 350-yə yaxın idmançının iştirak edəcəyi gözlənilir. Azərbaycan bu mötəbər turnirdə 7 çəki dərəcəsində 13 kişi, 6 çəki dərəcəsində isə 11 qadın idmançı ilə təmsil olunacaq.

Ümumiyyətlə, ötən il Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, digər nüfuzlu turnirlərdə 753, o cümlədən 263 qızıl medal qazanmaları ölkəmizin idman nailiyyətlərinin uğurla davam etdirildiyini göstərir.

Hazırda Bakı ölkəmizin idman tarixində ilk dəfə olaraq ən mötəbər turnirlərdən birinə - UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməyə ciddi hazırlaşır. 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunur. UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda dekabrın 22-dən yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib. Bundan başqa, martın 3-də dünya futbolunun məşhur simalarının iştirakı ilə ölkəmizin paytaxtında “Bakı-2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçirilib.

Bu il aprelin 26-28-də Bakı dördüncü dəfə Formula-1 yarışına ev sahibliyi etməyə hazırlaşır. Bundan başqa, Formula 1 yarışlarının Bakıda 2023-cü ilədək təşkilinə dair yeni müqavilənin imzalanması ölkəmizin dünyada ən nüfuzlu idman yarışlarından olan Formula 1 Qran-prilərini də yüksək səviyyədə təşkil etdiyini göstərir.

Son illər gimnastika üzrə ardıcıl bir neçə mötəbər turnirə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan idmanın bu növü üzrə beynəlxalq mərkəzə çevrilib. Ötən ay Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışında 30 ölkədən 160-dan artıq atlet birincilik uğrunda mübarizə aparıb.

Bundan başqa, Azərbaycan Gimnastika Federasiyası cari ildə daha bir neçə mötəbər turnirə ev sahibliyi edəcək. Belə ki, bir neçə gündən sonra - martın 14-17-də ölkəmizdə dördüncü dəfə idman gimnastikası üzrə dünya kuboku təşkil olunacaq. Aprelin 26-28-də bu növ üzrə dünya kuboku, mayın 17-19-da isə Avropa çempionatı keçiriləcək. Həmçinin AGF ilk dəfə olaraq, gimnastikanın iki növü üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bədii gimnastlardan sonra mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşacaqlar. İlin sonuncu yarışı bədii gimnastika üzrə dünya çempionatı olacaq. Bakı 14 ildən sonra yenidən dünya birinciliyinə ev sahibliyi edərək, ən güclülərin müəyyənləşdiyi mübarizənin şahidi olacaq. Bakıda keçiriləcək hər üç dünya kuboku, eləcə də dünya çempionatının əsas özəlliklərindən biri isə məhz “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olacaq.

Təbii ki, Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər turnirlər bununla məhdudlaşmır. İyunun 20-28-də Bakıda Avropa Gənclərinin Yay Olimpiya Festivalı keçiriləcək. Festivalda qitənin 50 ölkəsindən 2500-dək idmançının mübarizə aparacağını nəzərə alsaq, Azərbaycanın növbəti dəfə əsl idman bayramına ev sahibliyi edəcəyini deyə bilərik.

Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup mərhələsinin üç, dörddəbir finalın isə bir oyunun Bakıda keçirilməsi barədə qərardır. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri olacaq. Artıq ölkəmizdə bu idman yarışına ciddi hazırlıq işləri görülür.

Bütün bu uğurlar Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz