Axtarış...

Azərbaycanın və Gürcüstanın sərhədyanı bölgələri arasında əməkdaşlıq müsbət nəticələr verə bilər

Azərbaycanın və Gürcüstanın sərhədyanı bölgələri arasında əməkdaşlıq müsbət nəticələr verə bilər

Tbilisidə Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsi çərçivəsində gələcək əməkdaşlıq naminə yerli və regional tədbirlər planına həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sərhədyanı bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm, tikinti, qida sənayesi və digər sahələrdə əməkdaşlıq imkanları və layihələr barədə məlumat verilib.

Gürcüstanın Qardabani və Saqareco, Azərbaycanın Qazax və Ağstafa rayonları arasında transsərhəd əməkdaşlığın prioritet istiqamətləri barədə təqdimatlar keçirilib.

Layihənin Gürcüstandakı tərəfdaşı, Vətəndaş İnkişafı Agentliyinin (CİDA) layihə meneceri Nino Çitorelidze bildirib ki, transsərhəd əməkdaşlığın gələcəkdə inkişaf etdirilməsi üçün yerli idarəetmə və donor təşkilatların dəstəyi lazımdır. Hər iki ölkənin sahibkarları arasında fəal əməkdaşlığın həyata keçirildiyini xatırladan N.Çitorelidze tərəflərin bu əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Layihənin Azərbaycandan olan tərəfdaşı “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ramil Göyüşov bildirib ki, gələcəkdə Qardabani, Saqareco, Qazax və Ağstafa bələdiyyələri arasında memorandumun imzalanması nəzərdə tutulub.

Onun sözlərinə görə, transsərhəd əməkdaşlıq sahibkarlıq subyektinə aid olan bütün sahələri əhatə edir və bu layihənin daha da genişləndirilməsi istiqamətində fəaliyyət bundan sonra da uğurla davam etdiriləcək.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz