Axtarış...

Azərbaycanın bu rayonundan 4 nazir, onlarla məmur, general və milyonçu çıxıb

Azərbaycanın bu rayonundan 4 nazir, onlarla məmur, general və milyonçu çıxıb

AZXEBER.COM "Bizim rayon” rubrikasını davam etdirir.

Hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələcək rubrikada əyalət rayonlarından, bu rayonların yaranma tarixi, oturuşmuş ənənələri, tarixi və tanınmış şəxsiyyətlərindən bəhs olunacaq.

Haqqında bəhs edəcəyimiz növbəti məkan – bir ay sonra yaranmasının 40 illiyi qeyd olunacaq Babək rayonu barədə olacaq.

Tarixi arxeoloji abidələrlə zəngin rayon…

Babək rayonu Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidinə daxil olan 7 rayondan biridir. 23 oktyabr 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin qərarı ilə rayon statusu alıb. Şimal-qərbdə Ermənistan, cənubda Iranla, Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 828,42 kvadrat kilometr, əhalisi 73,3 min nəfərdir. 35 kəndi olan rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir. XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılıb.

Rayonun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr bu rayon ərazisindədir. Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcul olub. Qala 1809-1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilib. Beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşıyıb. Qala su arxı ilə əhatə olunaraq, dəfələrlə döyüş meydanına çevrilib. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalıb. Bundan başqa rayon ərazisində qədim Duzdağ yatağı, orta əsrlərə aid yaşayış yerləri mövcuddur.

Azərbaycanın ən böyük kəndi bu rayondadır

Babək ölkəmizin ən gənc rayonlarından olsa da, qısa müddətə böyük inkişaf yolu keçib. Hazırda rayonda sutkada 25 min kərpic istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Uzlük plitələr zavodu, Üzüm emalı zavodu, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir. Babək rayonu ərazisində 14 mədəniyyət mərkəzi mövcuddur. Buradakı Mədəniyyət evlərində vaxtaşırı olaraq müxtəlif mədəni tədbirlər, film nümayişləri, təqdimatlar keçirilir.

Ölkəmizin ən böyük kəndi olan Nehrəm Babək rayonunun ərazisində yerləşir. 15 minə yaxın əhalisi olan kənd ölkə elmi və mədəniyyətinin inkişafına öz tövhəsini verib. "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri, qüdrətli dramaturq Cəlil Məmmədquluzadə bu kəndin yetirməsidir. 1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açıb. Görkəmli yazıçı "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları", "Danabaş kəndinin məktəbi" əsərlərini burada yazaraq, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb edib.

Onlarla məşhur insan yetişdirən məkan...

Hər bir rayondan söz açarkən onun tanınmış nümayəndələrinin adının üzərindən sükutla keçmək olmur. Çünki rayonun yetirmələri olan ziyalı və məşhurlar həm də bu rayonun siması sayılırlar. Babək rayonu çoxlu sayda elm, mədəniyyət, dövlət xadimləri, zabitlər yetişdirib.

Rayonun yetirməsi olan ziyalılar arasında Mirzə Cəlillə yanaşı XX əsr Azərbaycan qəzəliyyatının ən məşhur nümayəndələrindən biri Hüseyn Nadimini, Qori Seminariyasının ən istedadlı yetirmələrindən olan Əli Səbri Qasımovu, ölkəmizin ən peşəkar cərrahlarından olan Mehdi Bağırovu, dövrünün böyük maarif xadimi Əsəd Əliyevi, tanınmış kimyaçı alim Qüdrət Kəlbəliyevi, istedadlı həkim Əqil Mehdiyevi və digərlərini misal göstərmək olar.

Xalq artistləri Abdulla Babayev, Zəroş Həmzəyeva, Kamran Quliyev, əməkdar incəsənət xadimi, şair-dramaturq İslam Səfərli, Sovet İttifaqı qəhrəmanı Qəzənfər Əkbərov, Sosialist Əməyi Qəhrəmanı Əli Əliyev, ədliyyə general-mayoru Həbib Rzayev, Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov, general-polkovnik Kəmaləddin Heydərov, general-leytenant Səfər Mehdiyev, general-leytenant Əsgər Abdullayev, ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit Nəimi Əmiral, tibbi xidməti polkovniki Tarqulu Tarquliyev və digərləri bu rayonun yetirməsidir.

Babək rayonunda doğulub boya-başa çatmış şəxslər arasında hazırda yüksək vəzifə daşıyan məmurlar və sahibkarlar da az deyil. Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Səyavuş Novruzov, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov, sahibkarlar İbrahim və Tağı İbrahimov qardaşları, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu sıradadır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz